SON XƏBƏRLƏR

Abdulla Bin Zaid: “İran bölgədə təxribat xarakterli fəaliyyətini heç vaxt dayandırmayıb”

2021.10.20, 07:36
Abdulla Bin Zaid: “İran bölgədə təxribat xarakterli fəaliyyətini heç vaxt dayandırmayıb”

Gunaz.tv

GünAzTV: Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla Bin Zaid, sentyabrın 29-da BMT-də çıxış edərək İranın region ölkələrinə qarşı təhdidindən, onun Yəməndə dəstəklədiyi “husi”lərdən və Tehranla Abu-Dabi arasındakı mübahisəli üç adadan danışıb.

 

Abdulla Bin Zaid bildirib ki, İran bölgədə sülhü təhdid edərək, regional və beynəlxalq təhlükəsizliyə qarşı çıxır, onu zəiflətməyə çalışır: “Məhz buna görə də, İranın təhdidləri Yəmən və Səudiyyə Krallığının sərhədlərinə çatandan sonra biz bu təhdidlərin qarşısında dayanmaq qərarına gəldik. Təəssüflər olsun ki, İran bölgədə təxribat xarakterli fəaliyyətini heç vaxt dayandırmayıb. Hazırda isə Səudiyyə Krallığı, yaraqlı husilərin Yəməndən  atdığı İranın ballistik raketlərinin hədəfinə çevrilib. Bu isə qəbuledilməzdir.

 

İranın işğalında olan Birləşmiş Ərəb Əmirliklərinə məxsus Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adalarına gəlincə, hesab edirik ki, İran bizim adalarla bağlı haqqımızı tanımalı, işğal etdiyi həmin üç adanı bizə qaytarmalıdır”.

 

Qeyd edək ki, körfəzdəki Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları, Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən qurtarıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə əsasən İran hakimiyyətinin nəzarətinə verilib.

 

Son illər Birləşmiş Ərəb Əmirlikləri bu üç adanın qaytarılmasını tələb edir və məsələ danışıqlar yolu ilə öz həllini tapmayacağı təqdirdə, onu Beynəlxalq Haaqa (Lahə) Məhkəməsində qaldıracağını bildirir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar