SON XƏBƏRLƏR

ABŞ-ın 4 respublikaçı senatoru “Twitter”ə məktub yazaraq, Xamneyi və Zərifin hesablarının bağlanmasını tələb ediblər

2021.10.20, 07:36
ABŞ-ın 4 respublikaçı senatoru “Twitter”ə məktub yazaraq, Xamneyi və Zərifin hesablarının bağlanmasını tələb ediblər

Gunaz.tv

GünazTV: Amerikanın Respublikaçılar Partiyasından olan 4 senator, Ted Kruz, Tom Kotton, Marşa Blakburn və Marko Rubio “Twitter”in icraçı direktoruna birgə məktub yazaraq, İranın dini lideri Əli Xamneyi və xarici işlər naziri Məhəmmədcavad Zərifin Twitter hesablarının bağlanmasını tələb ediblər.

 

Senator Ted Kruzun təşəbbüsü ilə hazırlanan birgə məktubun “Twitter”ə göndərilməsi ilə bağlı xəbər fevralın 7-də yayılıb.

 

Məktubda bildirilir ki, Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq etdiyi sanksiyaları  nəzərə alaraq, Amerika qurumlarının və ya onun vətəndaşlarının İran rejiminə hər hansı bir xidmət göstərməsinə qadağa qoyulub: “Twitter” bir Amerika qurumu olaraq, İran rəhbərlərinə xidmət göstərdiyinə görə sanksiyaya məruz qala bilər.

 

“Twitter” bundan əvvəl hər hansı bir siyasi təbliğatın qarşısını alacağını bildirsə də, faktiki olaraq İranın repressiv rejiminin bu sosial şəbəkədən istifadə etməsinə icazə verib. Nəzərə almaq lazımdır ki, “Twitter” hesabı bir xidmətdir. Məhz bunu nəzərə alaraq, biz sizdən sanksiyalara riayət etməyinizi, Xamneyi və Zərifə, eləcə də barəsində sanksiya qoyulmuş İranın digər hökumət qurumlarına xidmət göstərilməsinə son qoyulmasını tələb edirik” -deyə, respublikaçı senatorlar Ted Kruz, Tom Kotton, Marşa Blakburn və Marko Rubionun “Twitter”in icraçı direktoruna yazdığı birgə məktubunda bildirilir.

 

 

Qeyd edək ki, Əli Xamneyi, Məhəmmədcavad Zərif və İranın digər yüksək vəzifəli rəsmiləri sosial şəbəkələrdən, o cümlədən də “Twitter”dən aktiv şəkildə istifadə etdiyi bir halda, İran vətəndaşlarının həmin sosial şəbəkələrdən istifadə edə bilməsi xeyli dərəcədə məhdudlaşdırılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar