Bu barədə “Radio Farda” Reuters-ə istinadən xəbər yayıb.
Gunaz.tv
ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanın 2018-ci ildə öldürülən müxalifətçi jurnalist Camal Qaşıqçının qətlini şəxsən təsdiqlədiyini düşünür.
Kəşfiyyat məlumatlarına görə, vəliəhd şahzadə jurnalisti krallıq üçün təhdid kimi qiymətləndirib və onu susduracaq tədbirləri dəstəkləyib. Məlumatda deyilir ki, ABŞ tərəfi Məhəmməd ibn Salmanın şəxsən Qaşıqçının aradan qaldırılması üçün əmr verə biləcəyini güman edir.
Bunun ardından fevralın 26-da Dövlət Departamenti, 76 Səudiyyə vətəndaşına Amerikaya səyahət məhdudiyyətləri tətbiq etdiyini söylədi.
ABŞ dövlət katibi Anthony Blinken-in sözlərinə görə, bu şəxslər Qaşıqçının öldürülməsində və ya xaricdəki Səudiyyə müxaliflərinə qarşı tədbirlər görməkdə rol oynayan şəxslərdir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan jurnalist C.Qaşıqçı 2 oktyabr 2018-ci ildə İstanbulda itkin düşmüşdü. Səudiyyə Ərəbistanı Baş Prokurorluğu sonradan jurnalistin ölümünü etiraf etdi.
İstintaqla əlaqədar 21 nəfər saxlanılıb: onlardan 11-i ittiham olunub və beş nəfərə qarşı qətlin birbaşa iştirakçısı olmaq ittihamı ilə edam cəzası tələb edilib.
Məhkəmə qərarına əsasən, beş nəfər 20 il, altıncı təqsirləndirilən şəxs 10 il, daha iki nəfər yeddi il həbs cəzasına məhkum edilib.
C.E