SON XƏBƏRLƏR

ABŞ Nümayəndələr Palatası İranın bəhailərə qarşı təzyiqləri barədə qətnamə qəbul edib

2021.10.20, 07:36
ABŞ Nümayəndələr Palatası İranın bəhailərə qarşı təzyiqləri barədə qətnamə qəbul edib

Gunaz.tv

GünAz TV: ABŞ Nümayəndələr Palatası yeni qətnamə qəbul edərək, İranın bəhailərə qarşı yürütdüyü repressiv siyasəti kəskin tənqid edib.

 

Dünən axşam saatlarında qəbul edilmiş qətnamə ABŞ Nümayəndələr Palatasının demokrat və respublikaçı üzvləri Eliot Engel, İleana Ros-Lehtinen və Ted Deviç tərəfindən hazırlanıb.

 

Qətnamənin bəndlərindən biri ABŞ prezidenti Donald Trampı və digər ölkələri İranın bəhailərə qarşı repressiv siyasətini qınamağa və həbsdə olan bəhailərin azadlığa buraxılmasını tələb etməyə çağırır.

 

Qeyd edək ki, son günlər İran rejiminin bəhailərə qarşı repressiv siyasətinin şiddətləndiyi barədə məlumatlar yayılır. Məlumatlarda ötən ay ərzində İranın Tehran və Əhvəz şəhərlərində 3 nəfərin bəhai olduğuna görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir. Onlardan biri Tehran sakini olan Sepide Keşavərzinin 20 noyabr səhər saatlarında öv evində həbs edilərək, naməlum istiqamətdə aparıldığı deyilir. Digər 2 Əhvaz sakini Mitraz Bədrnejad və Fərəcullah Benqalə bəhai olduqları üçün 5 il müddətində həbsə məhkum ediliblər.

 

Bundan əvvəl də bəzi xəbər agentliklərində oktyabr ayının sonları və noyabr ayının əvvəllərində İranda 6 bəhainin tutulduğu barədə məlumatlar yayılmışdı. Avqust ayında isə Kambiz Misaqi, Şəhriyar Xodapənah və Fərzad Bahaduri adlı Təbriz sakinlərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı və naməlum istiqamətdə aparıldıqları barədə məlumatlar yayılmışdı. Fərzad Bahaduri bundan 4 il öncə də həbs olunmuşdu. Xəbərlərdə həmçinin Yəzd şəhərində də 3 bəhai sakinin saxlandığı barədə məlumatlar var.

 

İranın müxtəlif bölgələrində bəhailərin təqiblərə məruz qaldığı ilə bağlı beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un oktyabr ayının sonlarında “İranda bəhailərə qarşı təqiblər və həbslər” adı altında yaydığı hesabatda bildirilir ki, son aylar ərzində İranda bəhailərə qarşı təqiblər və həbslər yüksələn xəttlə davam edir və son iki ayda bu ölkənin müxtəlif şəhərlərində 20-dən artıq bəhai vətəndaş həbs edilib.

 

Bu ilin yay ayları ərzində isə yüzlərlə bəhai tələbə təhsil almaq hüququndan məhrum edilmişdi.

 

ABŞ Dövlət Departamenti də dəfələrlə İranda dini azlıqların hüquqlarının pozulması və təqiblərə məruz qalmasını qınayıb. Mark Pompey ötən ay etdiyi çıxışların birində İran rejimini dini azlıqların hüquqlarını kobud şəkildə pozan başlıca ölkələrdən biri adlandırmışdı. Dövlət Departamenti bu ilin aprel ayında dini azadlıqlarla bağlı yaydığı illik hesabatda 2017-ci ildə İranda dini azlıqların hüquqlarının kobud şəkildə pozulduğunu vurğulamışdı.

 

Qeyd edək ki, İranda dini və milli azlıqlar daim təqiblərə məruz qalır. Öz hüquqlarını tələb edən milli azlıqlar da daim İran təhlükəsizlik qüvvələri tərəfindən təqib edilir, işgəncələrə məruz qalır və günahsız yerə həbs edilirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar