Amerika Maliyyə Nazirliyi yanvarın 13-də bəyanat yayaraq, İranın “dini lider”i Əli Xamneyinin nəzarətində fəaliyyə göstərən 2 quruma, həmin qurumların rəhbərlərinə və onların tabeliyində olan 16 şirkət və müəssisəyə qarşı sanksiya qoyub.
Gunaz.tv
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin mediaya açıqlamasında deyib ki, Xamneyinin birbaşa nəzarətində fəaliyyət göstərən “Astan Qüds Rəzəvi” və onun başçısı Əhməd Mərvi, eləcə də “Setad-e Ecrai-ye Fərman-e İmam” a və onun rəisi Məhəmməd Müxbirə qarşı sanksiya qoyub: “Bu qurumlar İranın yüksək səviyyəli rəsmilərinə İran iqtisadiyyatının böyük bir hissəsinə korrupsiya sistemi tətbiq etməyə güc və imkan verirlər.
Bu qurum və fondlar və onlara tabe olan digər müəssisələr İran iqtisadiyyatının böyük bir hissəsini, o cümlədən də ölkənin energetika, kommunikasiya və maliyyə xidmətləri sektorunu öz əllərində saxlayırlar”, -deyə maliyyə naziri Stiven Mnuçin bəyan edib.
ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatında həmçinin sözü gedən qurumların tabeliyində olan 16 müəssisə və şirkətin adlarının sanksiyalar siyahısına salındığı qeyd edilir.
“Rəzəvi Şahab Xodru” şirkəti, “Neft və Qaz yataqlarının genişləndirilməsi və İnkişafı” şirkəti, “Rəzəvi İnformasiya və Kommunikasiya Texnologiyaları” şirkəti və s. sanksiyaya məruz qalmış şirkətlər arasındadır.
Bildirilir ki, adları ABŞ Maliyyə Nazirliyinin qara siyahısına salınan qurum və müəssisələr arasında İranda koronavirusa qarşı vaksin istehsalı ilə məşğul “Bərəkət” şirkətinin də adı var.
Bəyanatda qeyd edilir ki, ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qalan həmin qurumlar və şəxslərin Amerika Birləşmiş Ştatlarındakı bütün əmlak və aktivləri müsadirə ediləcək, Amerika vətəndaşları və şirkətlərinin onlarla hər hansı bir ticarət əlaqəsinə girməsinə qadağa qoyulacaq.
A.M