SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “Əgər neft təsisatlarımıza qarşı hücumlarda İranın rolu sübuta yetirilsə buna münasib cavab verəcəyik”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “Əgər neft təsisatlarımıza qarşı hücumlarda İranın rolu sübuta yetirilsə buna münasib cavab verəcəyik”

Gunaz.tv

GünazTV: Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr, sentyabrın 21-də jurnalistlərə açıqlamasında bu ölkənin Aramco neft təisatlarına qarşı dron hücumlarından və İranın bu hücumlardakı rolundan danışıb.

 

O deyib ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco təsisatlarına edilən hücumlar və həmin hücumların mənşəyi barədə aparılan araşdırmalar davam edir: “Əgər neft təsisatlarımıza qarşı hücumlarda İranın rolu sübuta yetirilsə, buna münasib cavab verəcəyik. Biz tam əminliklə deyə bilərik ki, bu hücumlar Yəmən tərəfindən yox, şimal istiqamətindən gerçəkləşdirilib və hesab edirik ki, bu hücumların arxasında İran durur.

 

Aramco-ya hücumlar İran rejiminin silahları ilə həyata keçirilib və məhz həmin səbəbə görə də hesab edirik ki, İran bu hücumlara görə məsuliyyət daşımalıdır. Aramco neft təsisatlarına hücumlar dünya iqtisadiyyatının təhlükəsizliyini hədəfə alıb. Biz, hücumlarla bağlı aparılan araşdırmaların yekun nəticələrini gözləyirik və əgər islam respublikasının bu işdə əli olduğu sübut olunsa, bizim İrana münasib cavab vermək üçün qarşımızda müxtəlif seçim və variantlarımız var.

 

Təəssüflər olsun ki, İran rejiminin bizə qarşı rəftarı həmişə ədavətli olub. Bu isə bütün beynəlxalq qanun və dəyərlərə zidd addımdır. Heç kəs, o cümlədən də biz müharibə tərəfdarı deyilik. Hesab edirik ki, savş son seçim və variant olmalıdır. Biz, İranla bağlı Vaşinqtonla daimi təmasdayıq və bütün sahələrdə danışıqlar və fikir mübadiləsi aparırıq. Hesab edirəm ki, İranın terrorizmə dəstəyinin qarşısını almaq üçün konkret bir mexanizm olmalıdır” –deyə Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar