SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “Neft təsisatlarımıza qarşı edilən hücumlar barədə araşdırmalar başa çatandan sonra İrana qarşı bütün seçimləri nəzərə alacağıq”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “Neft təsisatlarımıza qarşı edilən hücumlar barədə araşdırmalar başa çatandan sonra İrana qarşı bütün seçimləri nəzərə alacağıq”

Gunaz.tv

GünazTV: BMT-nin Baş Assambleyasının 74-cü sessiyasına qatılmaq üçün Nyu-Yorkda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr, sentyabrın 24-də jurnalistlərə açıqlamasında bu ölkənin neft təisatlarına edilən hücumlardan və Ər-Riyadın İrana qarşı seçim və variantlarından danışıb. 

 

Aramco neft təsisatlarına qarşı hücumların arxasında İranın durduğunu bildirən Əl-Cübeyr deyib ki, rəsmi Ər-Riyad İrana qarşı hər hansı bir cavab addımı atmaqdan əvvəl, beynəlxalq hərbi ekspertlərin hücumların mənşəyi barədə apardığı araşdırmaların yekun nəticələrini gözləyir: “Biz, Aramco təsisatlarına qarşı hücumların mənşəyi barədə aparılan ilkin araşdırmalardan sonra dedik ki, bu hücumların arxasında İran durur. İndi də həmin fikirdəyik və hazırda neft təsisatlarımıza atılan raketlərin mənşəyini müəyyənləşdirmək üçün BMT mütəxəssisləri də bizə yardım edirlər.

 

Biz, beynəlxalq birliyin dəstəyini qazanmağa çalışır, hücumların mənşəyi barədə aparılan araşdırmaların nəticələrini gözləyirik. Biz yalnız araşdırmaların nəticələri bəlli olduqdan sonra İrana cavab addımı olaraq bütün seçim və variantları nəzərə alacağıq. Bu seçimlər isə diplomatik, iqtisadi və hərbi seçim və variantlardır” –deyə Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr bəyan edib.

 

 Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar