Ağ Evin yeni sözçüsü Cen Psaki yanvarın 20-də jurnalistlərlə keçirdiyi ilk görüşündə ABŞ-ın yeni prezidenti Co Baydenin İranla bağlı yürüdəcəyi siyasətindən danışıb.
Gunaz.tv
Psaki deyib ki, prezident Bayden və onun hökuməti İranın nüvə proqramının diplomatiya yolu ilə məhdudlaşdırılmasına və tətbiq edilən məhdudiyyətlərin gücləndirilərək uzadılmasına, eləcə də Qərbin nigaranlığına səbəb olan bir sıra məsələlərin danışıqlar yolu ilə həllinə çalışacaq:
“Əgər İran nüvə sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrasına başlasa, Amerika da eyni addımı atacaq.
Prezident Bayden açıq şəkildə bildirib ki, o İranla bağlı mövcud problemlərin danışıqlar və diplomatiya yolu ilə həllinə inanır. Hesab edirik ki, hər şeydən əvvəl İran nüvə razılaşmasının şərtlərinə uyğun olaraq nüvə fəaliyyətinə qoyulan məhdudiyyətlərə sadiq qalmalı, bununla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Məhz belə olan halda biz danışıqlar prosesini irəli apara bilərik.
Amerika prezidentinin digər ölkələrin rəhbərləri ilə keçirəcəyi ilk görüşlərində isə müzakirə mövzularından biri sözsüz ki, İranla bağlı olacaq və o hökmən İranla bağlı öz müttəfiq və tərəfdaşları ilə məsləhətləşmələr aparacaq”, -deyə, Ağ Evin yeni mətbuat katibi Cen Psaki əlavə edib.
A.M