SON XƏBƏRLƏR

Aksiya sırası Yəmən, İraq, Bəhreyn və Əlcəzairə çatıb

2021.10.20, 07:36
Aksiya sırası Yəmən, İraq, Bəhreyn və Əlcəzairə çatıb

Gunaz.tv

GünAz TV: Ərəb dünyasında yeni etiraz dalğası başlayıb. Yəmənin paytaxtı Sənada hökumət əleyhinə etiraz aksiyası keçirən müxalifətçilərlə polis arasında qarşıdurma baş verib.

Aksiya iştirakçıları (təzahuratçılar) siyasi islahatlar və prezident Əli Abdulla Salehinin istefasını tələb edirlər. Əksəriyyəti universitet tələbələri olan aksiya iştirakçıları paytaxtda mərkəzi meydana toplaşmağa cəhd edib. Ancaq polis onların qarşısını ala bilib. Şahidlərin sözlərinə görə, aksiya zamanı bir neçə nəfər yaralanıb, 23 nəfər isə polis tərəfindən saxlanılıb.

İraqda da yüzlərlə insan küçələrə çıxaraq Ramadidə Ənbər əyaləti qubernatoru və yerli şəhər şurasının rəhbərinə qarşı etiraz aksiyası keçirib. Onlar şəhər şurasının rəhbərliyini əsas xidmətləri təşkil edə bilməməkdə ittiham edib. Aksiya iştirakçıları qubernator Qasım Məhəmməd və yerli şəhər şurası rəhbəri Asim əl-Halbusinin istefasını tələb ediblər.

Bəhreyndə də konstitusiyalı (Anayasa) monarxiyanın bərqərar edilməsinin 9-cu ilində təhlükəsizlik qüvvələri azı bir kənddə nəzarət-buraxılış məntəqəsi yerləşdirərək etirazçılarla qarşıdurma yaradıb. Əsas qarşıdurmalar Bəhreynin şiə çoxluğuna qarşı təşkil edilib. Məhz şiələr aksiyaların keçirilməsinə çağırışlar edir. Bu isə süni rəhbərlərin narahatçılığını artırıb. Onlar əhaliyə nağd pul paylayaraq daha çox islahatın keçiriləcəyinə söz verib. Hökumət kütləvi informasiya vasitələri üzərində nəzarəti azaltmaq üçün əsas qəzet və naşirlərlə danışıqlara da gedib.

Əlcəzair paytaxtında isə 20 mindən çox insan küçələrə axışıb. Polis şəhərin mərkəzində zirehli maşın və suatanlar yerləşdirib. Avtobuslarla şəhərə daha çox nümayişçinin gətirilməsinin qarşısını almaq üçün yollar bağlanıb. Siyasi fəallar 19 il sürən fövqəladə vəziyyətin ləğv edilməsini tələb edirlər. Misirdə olduğu kimi, uzunmüddətli fövqəladə vəziyyətin qüvvədə qalması hökumətə siyasi məhdudiyyətləri yerində saxlamağa imkan verir. Hökumət fövqəladə vəziyyəti gələcəkdə ləğv etməyə söz verib. Müxalifətin liderləri gələn şənbə günü Əlcir şəhərində yeni nümayiş keçirəcəklərini bəyan ediblər. Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və qeyri-rəsmi həmkarlar ittifaqları təşkil edəcək. Bundan öncə müxalifət paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq, baş tutmuşdu. Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər.  Bir çox fəal polis barrikadalarını yararaq meydana çata bilib. Əlcəzair hökuməti müxalifətin nümayişinin qarşısını almaq üçün küçəyə 30 min polis çıxarıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar