SON XƏBƏRLƏR

Ali Məsləhət Şurası qurumun katibi Möhsün Rzayinin FATF layihələri ilə bağlı dediklərini təkzib edib/ FATF ətrafında fikir ayrılıqları- FOTO

2021.10.20, 07:36
Ali Məsləhət Şurası qurumun katibi Möhsün Rzayinin FATF layihələri ilə bağlı dediklərini təkzib edib/ FATF ətrafında fikir ayrılıqları- FOTO

Gunaz.tv

GünAz TV: Ali Məsləhət Şurası qurumun katibi Möhsün Rzayinin FATF layihələri ilə bağlı dediyi sözləri təkzib edib.

 

Möhsün Rzayi fevralın 17-də bildirib ki, FATF layihələrinin İran tərəfindən qəbulu “avropalıların qarşılıqlı addımlar atmaqla bağlı zəmanət verməsindən asılıdır”.

 

Yanvarın sonunda Avropanın 3 ölkəsinin xarici işlər naziri İranla Avropa Birliyi arasında maliyyə kanalının işə salınmasını elan ediblər. Onlar rəsmi Tehranla Birlik arasında ticari əlaqələrin davam etdirilməsi üçün FATF ilə əlaqəli layihələrin tezliklə İran tərəfindən qəbul edilməsini gözlədiklərini bildiriblər.

 

Möhsün Rzayi dünən etdiyi çıxışında əlavə edib ki, “İran Xarici İşlər Nazirliyi bu layihələrin Ali Məsləhət Şurası tərəfindən qəbul edilməsi üçün Avropadan qəti öhdəliklər və zəmanət almalıdır”.

 

Rzayinin bu sözləri mediada yayıldıqdan sonra Ali Məsləhət Şurasının ictimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayaraq, bildirib ki, “katibin sözləri naqis dərc edilib”.

 

“Möhsün Rzayi bildirib ki, bu layihələrin qəbul edilməsi təmsil etdiyi qurumun mütəxəssislərinin araşdırmalarından, eləcə də digər qurumların verdiyi rəylərdən asılıdır və qurum bəzi ölkələrin real olmayan heç bir açıqlama və vədlərinə əhəmiyyət verməyəcək”- deyə bəyanatda qeyd edilir.

 

Möhsün Rzayi dünənki çıxışında həmçinin Avropanı öz öhdəliklərinə “sadiq qalmamaq”da ittiham edib: “Avropa nüvə razılaşmasında İrandan neft alacağına, İran banklarının Birliyə daxil olan ölkələrdə şöbələrinin açılmasına və banklar arasında mübadilələrin aparılmasına icazə verəcəyi ilə bağlı öhdəlik götürsə də, bunların heç birinə əməl etməyib.”

 

Qeyd edək ki, “Maliyyə Tədbirləri üzrə İşçi Qrupu” (FATF) fevralın 22-də 1 həftəlik iclasının sonunda İrana qurumun qara siyahısına düşməməsi üçün iyun ayına qədər yenidən möhlət verib. Bu müddət ərzində İran qurumun irəli sürdüyü layihələri təsdiq etməsə, investisiya qoyuluşu və ticari əlaqələr qurmaq üçün yüksək riskli ölkələrin daxil olduğu qara siyahıya əlavə ediləcək. Bundan əvvəl də rəsmi Tehrana bu istiqamətdə 4 dəfə möhlət verilib.

Bununla belə, İranın terrorizmin maliyyələşdirilməsi ilə mübarizə və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə konvensiyalara qoşulması ilə bağlı hazırladığı layihələr hələ də Ali Məsləhət Şurasında təsdiq edilməyib.

 

İranın sabiq prezidenti Mahmud Əhmədinejad və hazırki hökumətin digər islahatçı siyasətçiləri bu xüsusda referendum keçirilməsi təklifini irəli sürüblər.

 

İmam cümələr və Ekspertlər Məclisi də daxil olmaqla, “dini lider” Əli Xamneyiyə yaxın dairələr bu layihələrin qəbul edilməsinə qarşı çıxırlar. Bu istiqamətdə İran Milli Məclisinin 75 mühafizəkar millət vəkili Ali Məsləhət Şurasının sədri Sadiq Laricaniyə FATF layihələrinin qəbul edilməməsi üçün məktub göndərərək, “Maliyyə Tədbirləri üzrə İşçi Qrupu”, yəni FATF-ı “məxfi və asılı qurum” adlandırıblar. Bu deputatların sözlərinə görə, “dövlət ötən 3 il ərzində bu Qrup tərəfindən irəli sürülmüş Milli Məclis tərəfindən qəbul edilməsinə ehtiyac olmayan şərtlərin əksəriyyətini həyata keçirib”.

“Ötən 3 il ərzində bu şərtlərin dövlət tərəfindən icra edilməsi özü- özünü sanksiyaya məruz qoymaq, eləcə də iqtisadiyyat və xalqın rifahına zərbə vurmaqla nəticələnib. Bu addımların davam etməsi ölkə iqtisadiyyatının daha da batmasına gətirib çıxaracaq”- deyə millət vəkillərinin məktubunda qeyd edilir.

 

Millət vəkillərinin dediklərinin əksinə olaraq, rəsmi statistikalara əsasən, nüvə razılaşmasının əldə edilməsindən sonra həyata keçirilən tədbirlər İran iqtisadiyyatında müəyyən müsbət dəyişiklər yaratmışdı.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin may ayında rəsmi Tehrana qarşı yenidən sanksiyaların qəbul ediləcəyi anonsunu verərək, İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdığını bəyan etmişdi. Bundan sonra İran milli valyutası öz dəyərini kəskin olaraq itirmiş, iqtisadiyyat böhran vəziyyətinə düşmüş və hətta bəzi vaxtlarda ölkə ərazisində bir çox qida məhsulu, həmçinin uşaq paltarı tapılmaz hala gəlmişdi. Hazırda ölkədə ən böyük problemlərdən biri ət qıtlığı və gündəlik tələbat mallarının kəskin bahalığıdır.

 

Hazırda İranın mövcud iqtisadi problemlərinin aradan qaldırması üçün yeganə yol Avropa Birliyi ilə iqtisadi əlaqələri davam etdirməsidir. Bunun baş tutması üçün isə rəsmi Tehran FATF layihələrini qəbul etməlidir.

 

Lakin buna baxmayaraq, hazırda layihələrin qəbul edilməsi üçün müzakirələr keçirilən qurumun, yəni Ali Məsləhət Şurasının üzvlərinin çıxışları İranda FATF konvensiyalarının qəbulunun reallaşmayacağından xəbər verir. Belə ki, martın 9-da Ali Məsləhət Şurasının üzvü Qulamrza Mesbahi Müqəddəm FATF layihələri ilə bağlı bildirib ki, “İran sanksiyalardan yayınmaq üçün formal şirkətlər qurmalıdır, amma bu layihələri qəbul etsək, bu cür şirkətlər qura bilməyəcəyik”.

İranda FATF konvensiyalarına qarşı çıxan rəsmilər bildirirlər ki, ölkənin bu layihələri qəbul etməsi “Həmas, Livan Hizbullahı və digər bu kimi qruplaşmalara maliyyə yardımı göstərməyinin qarşısını alacaq”. Konvensiyalara qoşulmağı dəstəkləyənlər isə bildirirlər ki, “bu layihələrə qarşı çıxanlar iqtisadi şəffaflığın bərqərar olması və bank-maliyyə sistemində mövcud olan korrupsiya hallarının qarşısının alınmasından qorxurlar”.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar