SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti: “İranla müzakirələr yalnız irəli sürülmüş 12 şərt ətrafında aparıla bilər”

2021.10.20, 07:36
Amerika Dövlət Departamenti: “İranla müzakirələr yalnız irəli sürülmüş 12 şərt ətrafında aparıla bilər”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti İranın Mayk Pompeo tərəfindən irəli sürülmüş 12 şərti ciddi qəbul etdiyi təqdirdə, iki ölkə arasında müzakirələrin başlaya biləcəyini bəyan edib.

 

Dövlət Departamentinin sözçüsü bildirib ki, İran bu şərtləri qəbul etməsə, ABŞ rəsmi Tehrana qarşı yürütdüyü maksimum təzyiq siyasətinə davam edəcək.

 

Xatırladaq ki, Amerikanın 2018-ci ilin may ayının 8-də nüvə razılaşmasından çıxmasından sonra Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranla yeni razılaşma əldə etmək üçün 12 şərt irəli sürmüşdü. Həmin şərtlər aşağıdakı kimidir:

1)      Nüvə silahı əldə etmək üçün göstərilən səyləri dayandırmaq

2)      Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin müfəttişlərinə bütün nüvə müəssisələrinə girişə icazə vermək

3)      Nüvə başlıq daşıma potensialına sahib raketlərin istehsalını dayandırmaq

4)      Atom bombası əldə etmək üçün daha öncələr göstərilən bütün səyləri açıqlamaq

5)      “Həmas”, “Hizbullah” və “İslami Cihad” kimi təşkilatlar da daxil olmaqla, terrorizmə göstərilən dəstəyi kəsmək

6)      Regionda fəaliyyət göstərən şiə yaraqlılar və husilərə verilən dəstəyi dayandırmaq

7)      Suriyadan İran hərbçilərini çıxarmaq

8)      Əfqanıstanda Taliban və digər terror qruplaşmalarına göstərilən köməyi dayandırmaq

9)      “Əl-Qaidə” terror təşkilatı rəhbərlərinə İranda sığınacaq verməyi dayandırmaq

10)  Qonşu ölkələri təhdid etməyə son vermək

11)  İranda məhkumluq həyatı yaşayan bütün amerikalıları azadlığa buraxmaq

12)  Kiber hücumlardan əl çəkmək

 

Qeyd etmək lazımdır ki, nüvə razılaşmasından çıxdıqdan sonra ötən bir il ərzində Amerikanın rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalar İran iqtisadiyyatını iflic vəziyyətə salıb.

 

May ayının əvvəllərində isə ABŞ-ın regiona təyyarə daşıyan gəmi, bombardımançı təyyarə və Patriot zenit-raket kompleksi göndərməsi iki ölkə arasında müharibə ehtimallarını artırıb. ABŞ bəyan edir ki, İran terror fəaliyyətlərindən əl çəkib, normal ölkə kimi davransa, iki ölkə arasında normal münasibətlər qurula bilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar