SON XƏBƏRLƏR

Amerika İran sanksiyalarında İraqa qaz alışı üçün verdiyi güzəşt hüququnu 45 gün müddətinə yenidən uzadıb

2021.10.20, 07:36
Amerika İran sanksiyalarında İraqa qaz alışı üçün verdiyi güzəşt hüququnu 45 gün müddətinə yenidən uzadıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalarda İraqa İrandan qaz alışı üçün verdiyi güzəşt hüququnu yenidən 45 gün müddətində uzadıb. Bundan öncə, yəni oktyabr ayında sözügedən sahədə ABŞ İraqa 120 gün güzəşt tanımışdı.

 

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda məsələ ilə əlaqədar qeyd edilir ki, İraq qısa müddətdə İrandan enerji asılılığını aradan qaldırmalıdır və rəsmi Bağdad bu istiqamətdə artıq fəaliyyətlərə başlayıb.

 

“İran İraq üçün etimadsız enerji mənbəyi olduğunu sübuta yetirib. İrandan qaz alışının azaldılması İraqa enerji təhlükəsizliyi sahəsində kömək edəcək”, - deyə bəyanatda vurğulanır.

 

Qeyd etmək lazımdır ki, Tramp administrasiyası 2018-ci ilin may ayında İranla 5+1 ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasından çıxaraq, rəsmi Tehrana qarşı yenidən sanksiyaların qaytarılacağını bəyan etmişdi. Həmin ilin noyabr ayının 5-də İrana qarşı qəbul edilmiş neft və qaz embarqoları İran iqtisadiyyatını ağır vəziyyətə salıb. Sanksiyalardan öncə gündəlik təqribən 2.6 milyon barel neft ixrac edən İranın hazırda 120 min bareldən az neft satdığı deyilir.

 

Amerikanın bu dəfə güzəşt müddətini əvvəlkilərdən fərqli olaraq, 90 və ya 120 deyil, 45 gün müddətinə uzatması diqqət çəkir. Bir müddət öncə iraqlı adı çəkilməyən rəsmilər “Associated Press” agentliyi ilə müsahibədə bildirmişdilər ki, Vaşinqton güzəştləri uzatmaq fikrində olsa da, İraqdan İrandan enerji asılılığını aradan qaldırmaq üçün dəqiq zamanlama ehtiva edən praktiki plan hazırlamasını istəyir.

 

Həmin mənbələr həmçinin qeyd ediblər ki, Bağdad qaz alışı və onun istehsalına investisiya qoymaq sahələrində dəqiq zamanlaması olan proqram hazırlasa, ABŞ yenidən güzəştləri uzadacaq. Lakin bu ana qədər İraq belə bir proqram hazırlamayıb.

 

Qeyd etmək lazımdır ki, İraq elektrik enerjisi istehsal etmək üçün, xüsusilə yay aylarında İran qazına böyük ehtiyac duyur. ABŞ İraqda enerji böhranı yaşanmaması üçün qaz alışı sahəsində bu ölkəni İrana qarşı qəbul edilmiş sanksiyalarda istisna ölkə kimi qəbul edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar