SON XƏBƏRLƏR

Amerika İranın enerji sanksiyalarında İraqa tanıdığı güzəşti artırmaq niyyətindədir

2021.10.20, 07:36
Amerika İranın enerji sanksiyalarında İraqa tanıdığı güzəşti artırmaq niyyətindədir

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları İrana qarşı tətbiq etdiyi sanksiyalarda İraqa verdiyi güzəşt müddətini uzatmaq niyyətindədir.

 

“Wall Street Journal”ın amerikalı və iraqlı rəsmilərə istinadən yaydığı məlumata görə, bu güzəşt İraqın İrandan aldığı qaz və elektrik enerjisini əhatə edəcək.

 

Məlumatda bildirilir ki, İraq öz elektrik stansiyalarının işini davam etdirməsi üçün İrandan aldığı qaza ehtiyac duyur. Tramp administrasiyası da bu səbəbdən İraqda elektrik böhranı yaşanmaması üçün daha öncə də bu ölkəyə sanksiyalara məruz qalmadan İrandan təbbi qaz və elektrik enerjisi almağa davam etmək üçün güzəşt hüququ tanımışdı.

 

Lakin Qasım Süleymaninin öldürülməsinin ardınca İraq Parlamentinin Amerika qüvvələrinin bu ölkədən çıxarılmasına dair qərar qəbul etməsi rəsmi Vaşinqtonla Bağdad arasındakı münasibətlərdə soyuqluq yaranmasına səbəb olub.

 

Sonuncu dəfə 120 gün müddətində 2019-cu ilin okryabr ayında uzadılan güzəşt müddəti gələn həftə sona çatacaq və amerikalı rəsmilərdən bəziləri də onun uzadılmamasının tərəfdarıdır.

 

“Wall Street Journal” qeyd edir ki, Məhəmməd Əllavinin İraqın Baş naziri kimi təyin edilməsi güzəşt müddətinin uzadılmasını istəyən amerikalı rəsmilərin öz mövqelərini daha da qüvvətləndirməsinə səbəb olub.

 

“Biz İrana qarşı maksimum təzyiq siyasətinin davam etdirilməsinin tərəfdarıyıq. Lakin bu siyasət İranın qonşu dövlətlərinin iqtisadiyyatında böhran yaratmamalıdır”, - deyə adı açıqlanmayan amerikalı rəsmi “Wall Street Journal”a deyib.

 

Digər tərəfdən, iki həftə öncə İraqın Ticarət Bankı bəyan etmişdi ki, ABŞ güzəşt müddətini uzatmasa onlar rəsmi Bağdadla Tehran arasında elektrik və qaz alışından qaynaqlanan maliyyə köçürmələrini dayandıracaqlar. İraq hökuməti enerji resurslarının alışına görə ödəməli olduğu vəsaiti sözügedən bankda açılmış hesaba yatırır. İran isə o pulu nağd şəkildə əldə etmək hüququna malik deyil. İran bu pulların qarşılığında yalnız İraqdan müxtəlif mallar alaraq ölkəyə idxal edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar