Amerika Birləşmiş Ştatlarının Ədliyyə orqanları rəsmiləri 1 iranlı və 1 fələstinlik hakeri beynəlxalq axtarışa verib.
Gunaz.tv
Bu barədə "NBC News" Massaçusets ştatının Federal Məhkəməsinə istinadən məlumat yayıb.
Bildirilir ki, İran vətəndaşı olan, 19 yaşlı haker Behzad Məhəmmədzadə və fələstinli 25 yaşlı haker Mərvan Əbusurun "Sepah"ın "Qüds Briqadası"nın komandanı Qasım Süleymaninin ölümündən sonra Amerikanın bir sıra saytlarına qarşı baş tutmuş kiber hücumlarda əlləri olub.
Artıq ABŞ-dan kənarda yaşayan bu iki şəxsin tutularaq istintaqa cəlb edilməsi üçün məhkəmə qərarı çıxarılıb.
Çıxarılmış ittihamnaməyə əsasən, Behzad Məhəmmədzadə Qasım Süleymaninin öldürülməsindən sonra qısa müddət ərzində ABŞ-ın təxminən 51 saytını hak edib, onlarda "Amerikaya ölüm" kimi şüarlarla birlikdə Süleymaninin fotolarını yerləşdirib.
Mərvan Əbusur bəzi saytların ələ keçirilməsində iranlı həmkarına kömək etməkdə ittiham olunur. Lakin ittihamnamədə hər iki hakerdən heç biri İran rejimi ilə əməkdaşlıq etməkdə təqsirləndirilmir.
ABŞ-ın Ədliyyə orqanları rəsmiləri qeyd ediblər ki, Behzad Məhəmmədzadə 2018-ci ildən etibarən dünyanın 1100-dən artıq saytını ələ keçirərək onlarda İran rejimini və hakerləri dəstəkləyən mesajlar yerləşdirdiyini açıq-aşkar iddia edir. Mərvan Əbusur isə bu rəqəmi 337 sayt olaraq göstərir.
Artıq Amerikanın əlaqəli qurumların hər iki şəxsin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyətə başladığı deyilir.
Ə.A