Amerika Ədliyyə Nazirliyi noyabrın 4-də bəyanat yayaraq, “Sepah”ın yalan məlumatlar yayan daha 27 saytını qapatdığını bildirib.
Gunaz.tv
Bəyanatda bildirilir ki, fəaliyyətinin qarşısı alınan 27 “Sepah” domeni Amerikaya və bir sıra digər ölkələrə qarşı yalan və saxta məlumatlar yaymaqla məşğul olub, Amerikadakı prezident seçkilərinə müdaxilə etməyə çalışıb: “Həmin saytlardan bəzilərinin ərəb dilində fəaliyyət göstərməsinə və onların Orta Şərqdə baş verən olayları işıqlandırmasına baxmayaraq, onlar yalan və saxta məlumatlar yayaraq, Amerika vətəndaşlarına təsir etməyə, ABŞ-da cərəyan edən prezident seçkiləri prosesinə müdaxilə etməyə çalışıblar.
Həmçinin bu saytların bəziləri İranın yürütdüyü xarici siyasətinə uyğun olaraq, açıq-aşkar Amerikaya, Səudiyyə Ərəbistanına və İsrailə zidd mövqe sərgiləyir, hər üç ölkəyə qarşı yalan məlumatlar yayırdılar” –deyə, Amerika Ədliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Xatırladaq ki, Amerika Ədliyyə Nazirliyi oktyabrın 7-də bəyanat yayaraq, “Sepah” terror təşkilatının internet sahəsində istifadə etdiyi 92 domenin fəaliyyətini dayandırdığını bildirmişdi: “Amerika Birləşmiş Ştatları dünya arenasında yalan və saxta informasiya yaymaq kampaniyası ilə məşğul olan “Sepah”ın 92 domeninin fəaliyyətini dayandırıb. Həmin domenlərin 4-ü gizli təxribat apararaq, özlərini mötəbər xəbər saytı və agentlikləri kimi qələmə verirdilər. -deyə, ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı bəyanatında bildirilmişdi.
A.M