SON XƏBƏRLƏR

Amerikanın Nümayəndələr Palatası İranda repressiyaları qınayan və xalqa dəstək verən qətnamə qəbul edib

2021.10.20, 07:36
Amerikanın Nümayəndələr Palatası İranda repressiyaları qınayan və xalqa dəstək verən qətnamə qəbul edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası İran hökumətinin insanları repressiyaya məruz qoyması və vətəndaşlarına təzyiq göstərməsini qınayan qətnamə qəbul edib.

 

Qətnamədə həmçinin İranda yaşayan insanların ifadə azadlığına dəstək göstərilir.

 

752 saylı bu qətnamə 2019-cu ilin dekabr ayında Xarici Əlaqələr Komitəsinin demokrat rəhbəri Ted Duiç və respublikaçı senator Co Vilson tərəfindən Nümayəndələr Palatasına təqdim edilmişdi. Qətnamə heç bir tərəfin qarşı çıxmaması fonunda qəbul edilib.

 

Qətnamədə 2019-cu ilin noyabrında baş vermiş benzin etirazlarına diqqət çəkilir və onun 2009-cu ildə “yaşıl hərakat” kimi tarixə düşmüş etirazlarından sonra ən böyük xalq nümayişləri olduğu qeyd edilir. Sənədin mətnində baş verən hadisələr zamanı minimum 7 min nəfərin həbs edildiyi, eləcə də azı 208 nəfərin öldürüldüyü və İran rəsmilərinin ölənlərin cənazələrini ailələrinə təhvil vermədiyi vurğulanır.

 

Senatorlar etirazlardan sonra baş verən proseslər və repressiyalara da toxunaraq, İran rejiminin tarixi boyu təməl hüquqları pozduğunu, etirazçılar və müxaliflərinə qarşı isə vəhşiliklər törətdiyini bildiriblər.

 

Senatorlar İran xalqına, həmçinin onların zalım, korrupsioner və qaniçən hökumətlərinə qarşı qanuni dinc aksiyalarını dəstək verdiklərini bəyan ediblər.

 

Qətnamədə həmçinin İran rejiminin insan haqlarını ciddi pozduğu və xaricdə apardığı təxribatçı fəaliyyətlərə diqqət çəkilməklə yanaşı, beynəlxalq ictimaiyyət rəsmi Tehranı bu sahədə qınamağa, İran isə öz götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırılır.

 

Senatorlar ABŞ hökumətindən də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik və İnsan Haqları Şuralarının samminitini təşkil etməklə, İran tərəfindən insan haqlarının davamlı olaraq pozulmasını pisləməklə yanaşı, rejimin zorakılıqlarının monitorinqinin aparılması üçün mexanizm yaratmağı tələb ediblər. Eləcə də, ABŞ dövlətindən İranda ifadə azadlığını təmin etmək istiqamətində bu ölkə insanlarının kommunikasiya texnologiyaları ilə təmin edilməsinə lisenziya verilməsi prosesini sürətləndirməsi istənilir. Şirkətlər isə İran hökumətinin öz vətəndaşlarının sosial şəbəkələr və digər bu kimi platformalara daxil olmasını məhdudlaşdırmaq üçün etdiyi müraciətlərə rədd cavabı verməyə çağırılır.

 

Senatorlar qətnamənin sonunda ABŞ prezidenti və Dövlət Departamentinin rəhbərindən beynəlxalq ictimaiyyətlə birlikdə insan haqlarının pozulmasını İranla aparılacaq çoxtərəfli və ya ikitərəfli rəsmi, ya qeyri-rəsmi müzakirələrin tərkib hissəsinə daxil etmələri istənilir.

 

Qeyd etmək lazımdır ki, ötən ilin noyabr ayında benzinin qiymətinin qaldırılmasına qarşı keçirilmiş etiraz aksiyalarında İran rejimi ölkənin dörd bir tərəfində vətəndaşlarını atəşə tutaraq qətliam etmişdi. İran hökuməti hələ də hadisələr zamanı ölən, yaralanan və tutulanların barəsində rəsmi statistika yaymayıb. Lakin bir müddət öncə Reuters xəbər agentliyi həmin etirazlar zamanı azı 1500 nəfərin İran təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü barədə məlumat yaymışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar