SON XƏBƏRLƏR

Amerikanın yeni hərbi büdcəsində İrana qarşı mümkün hücum üçün Konqresin icazəsinə ehtiyac olmayacaq

2021.10.20, 07:36
Amerikanın yeni hərbi büdcəsində İrana qarşı mümkün hücum üçün Konqresin icazəsinə ehtiyac olmayacaq

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası və Senatının Silahlı Qüvvələrlə iş üzrə komitələri yeni müdafiə büdcəsi ilə bağlı 3 layihə üzrə razılıq əldə ediblər.

 

Yeni hərbi büdcəyə əsasən, bəzi hallarda, xüsusilə də İrana qarşı mümkün hərbi əməliyyatları başlatmaq üçün artıq Konqresin lisenziyasına ehtiyac olmayacaq.

 

Bundan öncə ABŞ Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar İrana qarşı mümkün hərbi variantın Konqresin icazəsi olmadan reallaşmasına maneə olmaq üçün qanun layihəsi qəbul etməyə çalışırdılar. Bu layihəni onlar Senatda Müdafiə Nazirliyinin büdcəsinə düzəliş kimi səsverməyə çıxarsalar da, 100 səsdən 60-nı toplaya bilməyərək uğursuz olmuşdular.

 

Lakin ondan 2 həftə sonra Nümayəndələr Palatası sözügedən qərarı qəbul etmişdi. Buna rəğmən, həmin vaxt qeyd edilirdi ki, Nümayəndələr Palatası bu qərarı müdafiə büdcəsinin digər bəndləri ilə birlikdə Senatla müzakirəyə çıxaracaq və yekun nəticə əldə etmək bir neçə həftə sürəcək.

 

Bu gün ABŞ mediasının yaydığı xəbərə görə, Nümayəndələr Palatası və Senatın qəbul etdiyi yekun qərar prezident Donald Trampa Konqresin icazəsi olmadan İrana hücum etməkdə əngəl törədən heç bir halı əhatə etmir.

 

Bir müddət öncə Tramp İrana qarşı hücum başlatmaq üçün qanunla Konqresin icazəsinə ehtiyacı olmadığını bildirmişdi. O, özünün bütün məsələlərdə Konqreslə birgə hərəkət etmək istədiyini, lakin bu xüsusda ABŞ qanunlarına əsasən, müstəqil qərar vermək hüququnun olduğunu demişdi.

 

Qeyd etmək lazımdır ki, amerikalı rəsmilər İranla müharibə başlatmaq istəmədiklərini dəfələrlə vurğulayıblar. Rəsmi Vaşinqton Tehranın və ya ona bağlı qruplaşmaların ABŞ maraqlarına hücum edəcəyi təqdirdə, buna qəti cavab verəcəyini bildirir.

 

Hər şey planlaşdırıldığı üzrə getsə, Nümayəndələr Palatasının sabah büdcə layihəsinə səs verəcəyi gözlənilir. Bir müddət sonra isə layihə Senatda səsverməyə çıxarılacaq.

 

738 milyard dollar dəyərində olan büdcə 2019-cu ilin sonuna qədər təsdiqlənməlidir.

 

Yeni büdcədə hərbçilərin əməkhaqlarının 3.1% artımı, eləcə də Rusiya və Çinin meydana gətirdiyi təhdidlərlə mübarizə istiqamətində yeniliklər və innovativ fikirlər üçün müəyyən qədər maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar