SON XƏBƏRLƏR

Amnesty İnternational: "İran rejimi noyabr etirazları zamanı 23 uşağı qətlə yetirib"

2021.10.20, 07:36
Amnesty İnternational: "İran rejimi noyabr etirazları zamanı 23 uşağı qətlə yetirib"

Gunaz.tv

GünAz TV: Amnesty İnternational İran təhlükəsizlik qüvvələrinin 2019-cu ilin noyabr ayında keçirilmiş xalq etirazları zamanı 12-17 yaş arası 23 uşağı qətlə yetirdiyinə dair əlində sübutların olduğunu bəyan edib.

 

Təşkilatın yaydığı bəyanata görə, həmin uşaqların 22-si 12-17 yaş aralığında olan oğlanlar, 1-i isə 8-12 yaş arası olduğu təxmin edilən qızdır.

 

Beynəlxalq Əfv Təşkilatının tədqiqatlar və Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə şöbə müdiri Flib Lüter bildirib ki, uşaqların çoxu etirazların 2-ci, 3-cü günləri ərzində qətlə yetirilib. Bu isə İran rejiminin nəyin bahasına olur-olsun xalq nümayişlərini boğmaq üçün ilkin günlərdən bütün addımlara əl atdığını göstərir.

 

"Son günlər ərzində İran təhlükəsizlik qüvvələrinin noyabr etirazlarını yatırmaq üçün odlu silahlarda istifadə etməsi ilə əlaqəli əvvəlki aylardan daha çox məlumatlar əldə edilib. Amma hadisələr zamanı bu qədər uşağın qətlə yetirilməsini bilmək tükürpədicidir", - deyə Flib Lüter əlavə edib.

 

O, sonda öldürülmüş həmin uşaqlarla, eləcə də bu insanlığa sığmayan addıma əmr verənlər və onu icra edənlərlə bağlı neytral və müstəqil araşdırmaların aparılmasını tələb etməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına üzv dövlətlərini İranda noyabr etirazlarında öldürülən etirazçılar, yoldan keçənlər və uşaqlarla bağlı araşdırma mexanizmi yaratmağa çağırıb.

 

Amnesty İnternational etirazlar zamanı öldürülənlərin azı 300 nəfər, eləcə də onlardan bəzilərinin yoldan keçən insanlar olduğunu bildirib.

 

Təşkilat hesabatı hazırlayan zaman yayılmış video və fotolara, qətlə yetirilənlərin ailələri ilə aparılmış müsahibələrə, dəfn mərasimləri ilə bağlı məlumatlara, jurnalistlər, insan haqları təşkilatları və fəallarının hesabatlarına və digər bu kimi sübutlara əsaslanıb.

 

Amnesty İnternational qeyd edib ki, 10 uşağın ölüm kağızları və dəfn vərəqələrində ölüm səbəbi kimi qeyd edilmiş yaraların izahının tədqiq edilməsi, eləcə də etibarlı mənbələrdən əldə etdiyi dəqiq məlumatlar təhlükəsizlik qüvvələrinin onların baş və sinə nahiyələrinə öldürücü atəş açdığını sübut edir. Bu isə onu göstərir ki, təhlükəsizlik qüvvələri bilərəkdən uşaqların bədənlərinin ölümə səbəb olan nahiyələrinə atəş açıblar.

 

Həmin 10 uşaqdan ikisinin ölüm vərəqəsində ölümə bədənə dəymiş güllədən yaranan kəskin qanaxma, beynin sıxılması, kəllə sümüyünün dağılması, kəskin daxili qanaxma, ürək və ağ ciyərin partlamasının səbəb olduğu yazılıb.

 

Təşkilat bu uşaqlardan birinin ölümü barəsində isə başa dəyən öldürücü zərbələr və ya yaxın məsafədən üzə atılan rezin güllədən yaranan ölüm kimi ziddiyyətli məlumatlar əldə etdiyini bildirir.

 

Həmin uşaqlar İranın 13 müxtəlif şəhərində yaşayırmışlar. Amnesty international bildirir ki, bu hal rejimin ölkənin demək olar ki, bütün bölgələrində etirazları yatırmaq üçün insanları qətliam etdiyinin göstəricisidir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar