SON XƏBƏRLƏR

Ankarada Güney Azərbaycan filmləri "Boğanaq" və "Min Qəzəb Bir Sevgi"nin nümayişi olacaq

2021.10.20, 07:36
Ankarada Güney Azərbaycan filmləri "Boğanaq" və "Min Qəzəb Bir Sevgi"nin nümayişi olacaq

Gunaz.tv

GünAz TV: 2009-cu ildə Türkiyədə Güney Azərbaycan adına çəkilmiş ilk sənədli film "Boğanaq" və eyni zamanda 2013-cü ildə Güney Azərbaycan adına çəkilmiş ilk uzun metrajlı film Min Qəzəb Bir Sevgi"nin mart ayında Ankara şəhərində nümayişi baş tutacaq.

 

"Boğanaq" həmçinin Güney Azərbaycanda türk kinosunun ilk filmi hesab edilir. Filmin rejissoru Vahid Azər son günlər İranda türkcə çəkilmiş "Kömür" və "Atabay" filmlərinə qarşı bəslənilən irqçi mövqelərə etiraz olaraq, nümayiş qərarını qəbul etdiyini və filmin adının "Uzaqdakı Yaxın" olaraq dəyişdirildiyini deyib.

 

"İncəsənət universal anlayışlardır. İncəsənət insanlığa xidmət etməyin açarlarıdır. İncəsənət dini, dili və irqi olmamalıdır, tam əksinə irqçiliyə qarşı olmalı, cəmiyyətin problemlərini əks etdirən güzgü rolunu oynamalıdır", - deyə Vahid Azər əlavə edib.

 

O, həmçinin qeyd edib ki, Güney Azərbaycanda yaşayan türklər öz iç dünyalarını və xəyallarını ana dillərində ifadə etməlidirlər.

 

"Hər bir millət ənənələrini, həyat tərzini, mədəniyyə və duyğularını yalnız öz ana dilində gözəl formada yansıda bilər. Dil üstünlük məsələsi ola bilməz, yalnız əlaqə vasitəsidir. Dolayısıyla, bütün fars kinomatoqraflar və incəsənət xadimlərini irqçiliyə son qoymağa və insanlığa ortaq faydası olan sülh dilini seçməyə dəvət edirəm", - deyə rejissor fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, Fəcr Film Festivalında fars kinomatoqraflar və jurnalistlər "Atabay" filminin türk dilində çəkilməsini tənqid etmiş və buna qarşı irqçi mövqe səsləndirmişdilər. Bu addım güney azərbaycanlı incəsənət və mədəniyyət xadimlərinin, eləcə də sıravi vətəndaşların hiddətinə səbəb olmuşdu.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar