SON XƏBƏRLƏR

Antitürk mövqeyi ilə tanınan Qərbi Azərbaycan valisi: “Ciloluq faciəsi yalan və dəyərsiz bir hadisədir”

2021.10.20, 07:36
Antitürk mövqeyi ilə tanınan Qərbi Azərbaycan valisi: “Ciloluq faciəsi yalan və dəyərsiz bir hadisədir”

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Ciloluq qətlimanını inkar edərək onu dəyərsiz hadisə adlandırıb. O bu məsələnin gündəmə gətirilməsini Qərbi Azərbaycanın inkişafına mane olduğunu da bildirib.

 

Vaxtaşırı radikal kürd cərəyanına dəstək nümayiş etdirən vali bu barədə Tehranda təhsil alan Qərbi Azərbaycan öyrəncilərinin yığıncağında çıxış edib. “Öyrənci Günü” münasibəti ilə keçirilən tədbirdə çox sayda azərbaycanlı öyrənci iştirak edib.

 

“Bəziləri hadisədən 100-150 il keçdikdən sonra bu məntəqədə müharibə baş verdiyini və 100 min nəfərin öldüyünü iddia edir. Onlar qəribə rəqəmlərdən də söz açır. Tutaq ki, bu rəqəmlər doğrudur. Siz ikinci dünya müharibəsindən sonrakı Almaniyanı düşünün. Almaniya dünyanın ən faşist və irqçi ölkəsi idi. Bu ölkə dünyanı böyük müharibəyə sürüklədi. Həmin müharibədə 40 milyondan çox insan həlak oldu, Almaniya isə yerlə yeksan edildi. Lakin müharibədən 20 il sonra Almaniya iqtisadi baxımdan dünyanın üçüncü ölkəsinə çevrildi. Sizcə indi Almaniyada kimsə o müharibəyə işarə edir? Ümumiyyətlə belə şey yoxdur. Həqiqət odur ki, onlar belə şeyləri unudub, ona görə də bügünkü vəziyyətə gəlib çatdılar. Belə olan halda, biz yenə də belə məsələləri yada salıb gələcək nəsillərə bir təhlükə kimi təqdim edəcəyik! Yenə də deyəcəyik ki, bu qövm belə, o biri isə elə etdi, ermənilər filan iş gördü və ...! Bu işlər inkişafın qarşısını alır”- deyə vali sözlərinin bir hissəsində qeyd edib.

 

Qeyd edək ki, Ciloluq soyqırımı bir tarixi gərçəkdir. Hər zaman Azərbaycan və türk millətinin mənafeyinə qarşı çıxış edən Məhəmməd Mehdi Şəhriyari İran rejiminin anti-Azərbaycan siyasəti sayəsində üzərində soyqırım ləkəsi gəzdirən cinayətkarları təmizə çıxartmaq istəyir.

 

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, Ciloluq faciəsi kimi tarixə düşüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar