Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken fevralın 22-də BBC telekanalına müsahibəsində Vaşinqtonun İrana qarşı maksimum təzyiq siyasətindən və Tehrana qarşı tətbiq edilən sanksiyalardan danışıb.
Gunaz.tv
O deyib ki, Bayden hökumətinin elan etdiyi kimi İranın nüvə probleminin həlli üçün ən yaxşı yol və variant diplomatiyadır və Amerika hökuməti məhz bu yolla rəsmi Tehrana təzyiq göstərməklə İranın nüvə məsələsini əvvəlki çərçivəyə qaytarmağa çalışır: “Lakin Amerika İrana qarşı təzyiq vasitələrini bir kənara qoymayıb. Daha doğrusu, İrana qarşı tətbiq edilən bütün sanksiyalar əvvəldə olduğu kimi qüvvədə qalır. Biz isə üstün mövqeyə malikik.
İranın nüvə proqramı ilə bağlı vəziyyət əvvəlkinə nisbətən daha pisləşdiyi halda, İran hökuməti regionda sabitliyə qarşı fəaliyyətini davam etdirib, İraqda və digər yerlərdə isə bizim və müttəfiqlərimizin qüvvələrinə hücumlar edib. Bu isə qəbuledilməzdir.
Amerika hökuməti İran məsələsində avropalı müttəfiqləri ilə birgə mövqedən çıxış edir. Bu isə hesab edirik ki, İranın nüvə probleminin həlli üçün güclü bir amil və vasitədir”, -deyə ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken əlavə edib.
A.M