SON XƏBƏRLƏR

Qarabağa görə həbs olunan ərdəbilli fəallarla bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb

2021.12.09, 08:20
Qarabağa görə həbs olunan ərdəbilli fəallarla bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb

Gunaz.tv

Hakim Sasan Balaxaninin sədrliyi ilə keçirilən məhkəmədə Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin , Müctəba Pərvin, Hamed Heidəri, Mohəmməd Colani, Sobhan Bəkhshi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colaniyə ​qarşı şallaq hökmü qüvvədə saxlanılıb.

Qərara əsasən, kifayət qədər sübut olmadığından onlar "xidməti vəzifəsini yerinə yetirən polis məmurlarının qanuni əmrlərinə tabe olmamaq" ittihamından bəraət alıblar.

Bundan başqa, fəallara qarşı "ictimai asayişi pozmaq" ittihamı ilə çıxarılmış 7 ay 16 gün həbs cəzası 3 aya endirilib. Ancaq hər birinə 76 şallaq zərbəsi vurulması ilə bağlı hökm qüvvədə saxlanılıb.  

Hökmə əsasən həm də fəallara qarşı çıxarılmış həm həbs, həm də şallaq cəzalarının icrası 1 il müddətinə təxirə salınıb.

Apellyasiya məhkəməsinin keçirilməsi ilə eyni vaxtda Ərdəbil İnqilab Məhkəməsinin 2 saylı şöbəsində Abdullah Qədiminin sədrliyi ilə keçirilən prosesdə fəallara "ali rəhbəri təhqir etmə" və "milli əmniyət əleyhinə fəaliyyət" ittihamları üzrə bəraət verilib.

Bu barədə onlara məhkəmə tərəfindən şifahi məlumat verilib.

Qeyd edək ki, yuxarıda adı sadalanan fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. 

Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilmiş və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla xoşagəlməyən tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu.

"Amnesty İnternational" yaydığı bəyanatda İran rejimindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd- şərtsiz azad etməsini tələb 
etmişdi. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar