SON XƏBƏRLƏR

Avropa Parlamenti İrandan qadınlara qarşı repressiyalara son verməyi tələb edib- FOTO

2021.10.20, 07:36
Avropa Parlamenti İrandan qadınlara qarşı repressiyalara son verməyi tələb edib- FOTO

Gunaz.tv

GünAz TV: Avropa Parlamentinin üzvləri bu gün keçirilən sessiyada İranda insan hüquqlarının pozulmasını qınayan qətnaməyə yekdilliklə səs veriblər. Onlar həmçinin rəsmi Tehrandan qadınlara qarşı həyata keçirdiyi repressiyalara son verməyi tələb ediblər.

 

Qətnamə 608 lehinə, 7 səs əleyhinə olmaqla qəbul edilib. Sənəddə İrandan məcburi hicaba etiraz etdikləri üçün həbs edilən bütün qadın haqları aktivistlərinin azad edilməsi tələb olunur. Bundan başqa, Tehran hazırda İranda məhkumluq həyatı yaşayan Avropa ölkələri vətəndaşlığı da olan bütün İran vətəndaşlarını təcili azad etməyə çağırılır.

 

 

Avropalı parlamentarlar qətnamədə Nazanin Zağəri-Ratklif, Əhmədrza Cəlali və Kamran Qadiri kimi şəxsləri nümunə göstərərək, bütün ikili vətəndaşlığı olan məhkumların azad edilmədiyi təqdirdə, İrana qarşı beynəlxalq qanunlar çəçivəsində tədbirlər görüləcəyini vurğulayıblar.

 

Qətnamədə həmçinin İrandan Avropa ölkələrinin Tehranda fəaliyyət göstərən səfirliklərilə bu ölkədə hazırda həbsxanalarda saxlanılan bütün ikili vətəndaşlığı olanların dəqiq siyahısının hazırlanması üçün əməkdaşlıq etməsi istənilir.

 

Xatırladaq ki, “Thomson Reuters” xeyriyyə cəmiyyətinin əməkdaşı və Britaniya vətəndaşı olan Nazənin Zağəri 3 il əvvəl İrandan qayıdarkən “Sepah” terror təşkilatı tərəfindən saxlanmışdı. “Təbliğat yolu ilə dövləti devirməyə cəhd” ittihamı ilə üzləşən xanım Zağəriyə 5 il həbs cəzası verilib.

 

Nazənin Zağəri

 

İran- İsveç vətəndaşlığı olan güney azərbaycanlı həkim və alim Əhmədrza Cəlali isə artıq 3-cü ildir ki, saxta “casusluq” ittihamı ilə məhkumluq həyatı yaşayır. Ona qarşı bu ittihamla edam hökmü çıxarılsa da, hələ ki, onun icrası həyata keçirilməyib.

 

Əhmədrza Cəlali

 

İran-Avstriya vətəndaşı olan biznesmen Kamran Qadiri də 10 il həbsə məhkum edilib. Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational-red.) bildirib ki, təhlükəsizlik qüvvələri ifadə alan zaman “düşmən” ölkəyə casusluq etdiyini “etiraf” etməsi üçün ona ağır fiziki və psixoloji işgəncə veriblər.

 

Kamran Qadiri

 

Digər tərəfdən, bir neçə gün öncə Səhər Xudayari adlı futbol fanatı olan qızın özünü yandıraraq intihar etməsi yenidən dünya ictimaiyyətinin diqqətini İranda qadın haqları və onlara qarşı məhdudiyyətlərə yönəldib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar