SON XƏBƏRLƏR

Avropadan İrana xəbərdarlıq: “Nüvə razılaşmasını tərk edəcəyik”

2021.10.20, 07:36
Avropadan İrana xəbərdarlıq: “Nüvə razılaşmasını tərk edəcəyik”

Gunaz.tv

GünAz TV: Britaniyanın “Guardian” qəzeti Avropa ölkələrinin İrana nüvə razılaşmasından çıxa biləcəkləri xüsusunda xəbərdarlıq etdikləri barədə məlumat paylaşıb.

 

Hələ ki, rəsmi olaraq təsdiqlənməyən məlumata görə, avropalı rəsmilər bu təhdidi Nyu-Yorkda keçirilən təktərəfli görüşlər zamanı ediblər. Onlar rəsmi Tehranın nüvə öhdəliklərini azaltmaq istiqamətində növbəti addımları atacağı təqdirdə, Avropa ölkələrinin razılaşmanı tamamən tərk edəcəyini iranlı rəsmilərin diqqətinə çatdırıblar.

 

Cari ilin may ayının 8-dən, yəni Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasını tərk etməsinin 1-ci il dönümündən etibarən İran Avropanı Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün “fəaliyyətsizlik”də ittiham edərək, 3 dəfə öz öhdəliklərini azaltmaq istiqamətində addım atıb.

 

3-cü addımdan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik hazırladığı hesabatda qeyd edir ki, İran uranı zənginləşdirmək üşün artıq mütərəqqi santrifüjlardan istifadə etməyə başlayıb və qısa müddətdən sonra bu qurğuların sayını 2 dəfə çoxaldacaq.

 

Rəsmi Tehran yenə də Avropaya möhlət verərək, İranın iqtisadi mənafeyi təmin edilmədiyi təqdirdə, noyabr ayında 4-cü addımın atacağını bəyan edib.

 

“Gardian”ın məqaləsində həmçinin vurğulanır ki, Avropalılar İrana etdikləri xəbərdarlıqda 4-cü addımda hər hansı radikal qərarın qəbul edilməsi halında, artıq Avropa ölkələrinin də razılaşmanı tərk edəcəyini deyiblər.

 

Avropalılar bu halın baş verdiyi təqdirdə, “tətik mexanizmi” adlandırılan problemlərin həll mexanizminə müraciət edəcəklərini bəyan ediblər.

 

Qəzetin yazdığı təhdidin ötən həftə İran, Almaniya, Fransa, Rusiya, Çin xarici işlər nazirləri və İngiltərə XİN-in nümayəndələrinin keçirdikləri görüş zamanı Zərifə edildiyi ehtimal olunur.

 

Bu görüşdən sonra Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, nüvə razılaşmasını saxlamaq üçün fikir ayrılıqları çox olmasına baxmayaraq, bu istiqamətdə qəti və ciddi iradə mövcuddur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar