SON XƏBƏRLƏR

Çavuşoğlu Azərbaycana səfər edəcək

2022.02.10, 12:36
Çavuşoğlu Azərbaycana səfər edəcək

Gunaz.tv

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haberə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov onu Azərbaycana səfərə dəvət edib.

“Ən qısa zamanda bu səfəri gerçəkləşdirəcəyəm”, - nazir vurğulayıb.

Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla normallaşma prosesinin gedişinə münasibət bildirib.

O, TRT Haberə müsahibəsində deyib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanda hər hansı narahatlıq yaratmır.

“Əksinə Azərbaycan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesini dəstəkləyir. Onsuz da Azərbaycanla məsləhətləşmədən, koordinasiya etmədən biz hər hansı addım atmamışıq, atmayacağıq da. 

Azərbaycan da bizim Ermənistanla birbaşa təmaslarda olmağımızı seçir. Bəzi məsələləri birbaşa təmaslarla müzakirə etməyimiz lazımdır. Cənubi Qafqazda olan problem Azərbaycanın Qarabağ zəfəri ilə başa çatdı. 

Bundan sonra bölgədə sülhə nail olmaq lazımdır, əməkdaşlıq olmalıdır. Bölgədə əhəmiyyətli layihələri həyata keçirərək bölgənin iqtisadi cəhətdən yüksəlməsi üçün fəaliyyət göstərməliyik. 

Bunun üçün də bütün ölkələr eyni düşüncədə olmalıdır. Burada Türkiyənin prosesdən uzaqlaşdırılmaması lazımdır. Buna Ermənistan da daxildir. Qarabağ zəfərindən çıxan dərs, eyni zamanda, fürsət var. 

Bölgədə yaranan fürsətləri yaxşı dəyərləndirmək lazımdır. Biz savaşdan dərhal sonra müsbət mesajlar verdik. Ermənistan dərs alarsa, bölgənin sabitliyi üçün addımlar atarıq, münasibətləri normallaşdırarıq”, - XİN başçısı vurğulayıb.

 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar