SON XƏBƏRLƏR

"Yaxşı olardı ki, 10 ildən çox Azərbaycanda yaşayan, ailə quran güneylilərə vətəndaşlıq verilsin"-Əhməd Obalı

2022.11.19, 22:37
"Yaxşı olardı ki, 10 ildən çox Azərbaycanda yaşayan, ailə quran güneylilərə vətəndaşlıq verilsin"-Əhməd Obalı

Gunaz.tv

Əhməd Obalı bildirib ki, güneydəki soydaşlarımızın ölkəmizdə bir neçə ixtisas üzrə təhsil almaları həm Güney, həm də Qüzey Azərbaycan üçün faydalı olar: 

“Ramiz Mehdiyev söz sahibi olanda güneyli azərbaycanlılara çox maneələr törədirdi”
“Güney Azərbaycanda 30 milyondan çox azərbaycanlı yaşayır ki, ana dilində təhsil almaqdan məhrum olublar, ancaq fars dilində yazıb,oxumağa məcburdular. 

İki il bundan qabaq qəbul edilən yeni qanuna görə, azərbaycanlılar övladlarını birinci sinfə göndərməzdən əvvəl onlara mütləq fars dilini öyrətməlidirlər. 

Yəni bir ailə öz uşağına ana dilindən əvvəl fars dilini öyrətməlidir.

1668877744_404292681_0_135_1000_700_600x0_80_0_0_ba3a8a4f01283cee4bcd7c1f5f0a5460.jpg

Bu, bizim milli dil və mədəniyyət baxımından nəslimizi kəsmək üçün qəbul edilmiş bir qanundur. Ona görə də Güneydə getdikcə bizim farslaşmağımız çoxalır. Həmçinin siyasi cəhətdən cavanlarımıza heç bir imkan verilmir. 

Buna görə də güneydən Bakıya gələn tələbələrin dil, tarix və siyasi elmlərdə təhsil amaları üçün şərtləri müəyyən qədər asanlaşdırmaq lazımdır. Gəlib orda dilimizi, ədəbiyyatımızı öyrənək, siyasi elmlərlə tanış olaq. 

Bunu Azərbaycan dövləti özü də görə bilər və ya hansısa bir xeyriyyə cəmiyyəti yaradıb, bu işə yardım etmək olar”. 
 
Müsahibimiz 90-cı illərdə İrandan Azərbaycana gəlib, buradan digər xarici ölkələrə üz tutan soydaşlarımızdan da danışıb:
 
“Güney Azərbaycanlılar daha çox 90-cı illərdə Quzey Azərbaycan üzərindən Avropaya üz tutdu. Həmin illərdə Azərbaycan çox ağır vəziyyətdə idi, öz müstəqilliyini yeni bərpa etmişdi, eyni zamanda, Rusiya və İranın yardım etdiyi Ermənistanın hücumunu dəf etmək üçün müharibə aparırdı. 

Ölkə iqtisadiyyatı çox zəif idi, istədiyi malı ala, neft-qazını sata bilmirdi. Müxtəlif müqavilələr imzalansa da, layihələrin həyata keçməsi, Azərbaycanın özünə gəlməsi üçün müəyyən zaman lazım idi. Həmin dövrdə də Azərbaycana gələn güneylilər ölkəyə yük olmaq istəmədikləri üçün Avropaya üz tuturdular. 

Sayları çox az olsa da, müəyyən hissəsi ölkəni tərk etmək istəmədi, Azərbaycanda qaldılar, ailə qurdular, ev-eşik sahibi oldular”. 
 
“Azərbaycan 2020-ci ildə öz torpaqlarını azad etdikdən sonra regionda və dünyada söz sahibi oldu, millir ruhumuz yüksəldi, başımız ucadı, özümüzə inamımız geri qayıtdı. İndi artıq fərqli şərait mövcuddur, xüsusilə də Azərbaycan prezidentinin İranla bağlı haqlı mövqeyi Güney Azərbaycana ruh verdi. 

Dünyanın istənilən nöqtəsində olan güneylilər artıq inanır ki, İlham Əliyev bütün azərbaycanlıların prezidentidir və onlara sahib çıxmaq istəyir. Bu, bizim üçün bayram əhvalı yaradıb” -  deyə Ə.Obalı vurğulayıb.
 
Müsahibimiz, həmçinin illərdir Azərbaycanda yaşayan güneyli soydaşlarımızın üzləşdiyi problemdən danışıb, bir neçə təklif irəli sürüb:
 
“Dünyada yaşayan azərbaycanlıları getdikcə Vətənə daha da yaxınlaşdırmaq lazımdır. Bir neçə il əvvəl eşitdik ki, dünyada yaşayan azərbaycanlılara “soydaş” kartı veriləcək və bu, çox önəmli idi. Simvolik də olsa, vətənimizin Azərbaycan olduğu göstəriləcəkdi. 

O baxımdan çox yaxşı ideya idi, amma təəssüf ki, icra olunmadı. Bu addımın gerçəkləşməsi üçün elə böyük xərc tələb olunmasa da, xaricdəki azərbaycanlılar üçün anlamı böyükdür. 
 
Azərbaycanda hazırda çox az sayda güney azərbaycanlı yaşayır, elə bir neçəsini mən şəxsən tanıyıram ki, 20 ilə yaxındır orada yaşasalar da, hələ də onlara vətəndaşlıq verilməyib. 

Qaçqın kimi yaşayırlar. Halbuki hansısa xarici ölkəyə getsəydilər, çoxdan vətəndaşlıq almışdılar. 

Xüsusilə Ramiz Mehdiyev ölkədə söz sahibi olduğu dövrdə, Prezident Aparatında işlədiyi müddətdə güneydən gələn azərbaycanlılar çox manelər törədirdi, problemlər yaradırdı. Artıq o yoxdur, Azərbaycan pezidenti güneylilərə dəstək vermək istəyir. 

Belə olan təqdirdə, çox yaxşı olardı ki, 10 ildən çox Azərbaycanda yaşayanlara, ailə quranlara vətəndaşlıq verilsin. Özlərini bu ölkənin vətəndaşı kimi hiss eləsinlər, ev ala, iş qura, başqa ölkələrə gedib-gələ bilsinlər, qaçqın olduqları üçün bunların heç birini edə bilmirlər. 

20 ildən çox Azərbaycanda qaçqın kimi qalmaları ürəkağrıdıcı mənzərədir. Belə bir məsələ var ki, həmin şəxsləri İran vətəndaşlıqdan məhrum elədiyi halda, sənəd gətirib Azərbaycanda vətəndaşlıq ala bilərlər. 

Ancaq İran heç kimə belə bir sənədi vermir. 

Arzu edirik ki, Prezidentimiz İlham Əliyevin də dediyi kimi, güneyli azərbaycanlılar oranı özlərinə Vətən bilsinlər, vətəndaş sayılsınlar”. (moderator.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar