SON XƏBƏRLƏR

Axund Cənnəti, Xamneyi ilə keçirilən iclasda, “virtual aləm”in məhdudlaşdırılması barədə fikir mübadiləsi aparılmasından xəbər verdi

2021.10.20, 07:36
Axund Cənnəti, Xamneyi ilə keçirilən iclasda, “virtual aləm”in məhdudlaşdırılması barədə fikir mübadiləsi aparılmasından xəbər verdi

Gunaz.tv

GünAzTV: Üləma Məclisinin sədri axund Əhməd Cənnəti, yanvarın 25-də jurnalistlərə açıqlamasında ölkədə “virtual aləm”in fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı İranın dini lideri Əli Xamneynin iştirakı ilə birgə keçirdikləri iclasdan danışıb.

 

Axund Cənnəti bildirib ki, Xamneyinin hüzurunda keçirilən iclasa, Üləma Məclisinin və onun komissiyalarının üzvləri, eləcə də “virtual aləm” üzrə mütəxəssislər qatılıb: “Yanvarın 23-də dini liderin hüzurunda keçirilən və bir neçə saat sürən iclasda, “virtual aləm”in fəaliyyətinin məhdudlaşdırılması yolları barədə fikir mübadiləsi aparılıb. İclasda mühüm söhbətlər aparılıb və qərara gəlinib ki, bunun qarşısını almaq üçün müəyyən addımlar atılsın və bəzi tədbirlər görülsün.

 

Bu gün, “virtual aləm” başımızın bəlasına çevrilib. Əgər onun qarşısını vaxtında alsaydılar, iş bu yerə gəlib çatmazdı. Mən, iclasda dedim ki, “virtual aləm”in fəaliyyətinin qarşısını tamamilə almaq mümkün deyil, sadəcə olaraq onun fəaliyyətini zəiflədə, məhdudlaşdıra bilərik. İclasda belə qərara gəldik ki, bunun qarşısını almaq üçün bəzi işlər görülsün. Mühüm olan odur ki, biz bu sahədə nə edəcəyimizi və bu işlə kimlərin məşğul olacağını bilək. Bəziləri deyirlər ki, bu iş üçün artıq gecdir. Lakin mən hesab edirəm ki, əgər “virtual aləm”in qarşısı vaxtında alınsaydı, ölkədə son iğtişaşlar yaranmazdı”.

 

Axund, ölkədə “virtual aləm”in fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı Xamneyinin iştirakı ilə keçirilən iclasda qəbul edilən əsas qərarların təfərrüatını açıqlamayıb.

 

 

Xatırladaq ki, 2017-ci ilin sonlarından başlayaraq hakimiyyətin çökmüş, çürümüş və iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı kütləvi xalq etirazları keçirilib. Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub.

 

Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib. Tutulanlardan ən azı 11-i İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar