SON XƏBƏRLƏR

Ay yarım əvvəl saxlanılan İbrahim Nurinin vəziyyəti haqda heç bir məlumat yoxdur

2021.10.20, 07:36
Ay yarım əvvəl saxlanılan İbrahim Nurinin vəziyyəti haqda heç bir məlumat yoxdur

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nurinin ümumi vəziyyəti haqda heç bir məlumat yoxdur.

 

O Babək qalası yürüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən həbsxanaya aparılıb.

 

Fəalın yaxalanmasından ay yarım vaxt keçməsinə baxmayaraq o qeyri-müyyən vəziyyətdə saxlanılır, onun barəsində heç bir məlumatın olmaması ailəsinin nigranlığına səbəb olur.

 

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəallara edilən  təzyiqlərlə bağlı avqustun 11-də geniş bir bəyanat yayıb. Bəyanatda İranda azərbaycanlı mədəni fəalların qanunsuz saxlanılması pislənilərək İ.Nurinin qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

 

Beynəlxalq təşkilatın açıqladığı raportda qeyd olunub ki, türklərin mədəni yığıncaqlarında İ.Nuri və digər fəalların saxlanılması qanundan kənar və azərbaycanlı fəallara qarşı sistemli şəkildə həyata keçirilən təzyiq siyasətinin tərkib hissəsidir.

 

İ.Nuri iyulun 2-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ettelaat İdarəsinin nəzarətində olan Evin zindanının 209-cu korpusuna aparılıb.

 

Fəal saxlanılmadan bir neçə gün əvvəl, Ettelaat İdarəsi ona və qardaşı Fərəc Nuriyə Babək qalası yürüşünə getməklə bağlı xəbərdarlıq edib. Onlara bildirilib ki, yürüşə qatılacağınız təqdirdə saxlanılacaqsınız.

 

Azərbaycanlı fəal saxlandığı gündən yalnız bir dəfə ailəsi ilə bir neçə saniyyəlik telefon əlaqəsi saxlayıb, bu müddətdə onunla görüşmək heç bir şəkildə mümkün olmayıb.

 

Hüquq üzrə öyrənci olan İbrahim Nurinin 27 yaşı var. O 14 yaşından mədəni fəaliyyətlərlə məşğul olur, bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Fəal dinc və mədəni fəaliyyətlərinə görə 3 fərqli dosye ilə əlaqədar qondarma ittihamlarla üzləşərək 16 ay həbs və 10 ay şərti həbs cəzasına məhkum edilib.

 

Avqustun 17-də fəalın qardaşı mərhum Həbib Nurinin birinci ildönümü mərasimi keçirilib, həbsxanada saxlanılan İ.Nuri qardaşının yas mərasimində iştirak edə bilməyib.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar