SON XƏBƏRLƏR

Azərbaycan super sürətli gəmilər istehsal edəcək

2021.10.20, 07:36
Azərbaycan super sürətli gəmilər istehsal edəcək

Gunaz.tv

GünAz TV: "Azərbaycanda "Milli Boat" layihəsi çərçivəsində yüksək sürətli qayıqlar istehsal ediləcək. Onların istehsalına bu ilin sonu, 2019-cu ilin əvvəlində başlanılacaq".

 

Bu barədə Milli.Az-a açıqlamasında "Caspian Ship Building Company" (CSBC) şirkətinin direktoru Fuad Fətəliyev bildirib.

 

Onun sözlərinə görə, layihəyə 4 interseptor qayıq daxildir. Bunlar yüksək sürətli və manevr qabiliyyətli qayıqlar olacaq:

"Sürətli qayıqlar sürətli maşınlar kimi bir şeydir. Onların ilk növbədə dizaynı buna imkan verməlidir. Bunlar da dizayn edilərkən dünya təcrübəsinə əsaslanaraq hər şey ölçülüb-biçilib, hesablanıb. Onların hər birinin öz təyinatı var. Bu qayıqların yüksək sürəti sayəsində dəniz desantının operativ yerdəyişməsi və hərəkəti, sərhəddə qaçaqmalçıların təqib edilməsi, qanunsuz miqrasiya, terrorizmlə mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə, həmçinin dənizdə Azərbaycanın neft-qaz infrastrukturunun mühafizəsi üçün istifadə oluna bilər. Hələlik Xəzər dənizində bu qayıqların heç birindən yoxdur".

 

Direktor qeyd edib ki, qayıqlardan ən böyüyünün uzunluğu 35 m-dir. MB-FPB35 (Fast Patrol Boat) sürətli patrul qayığı hesab edilir. Sürəti sifarişçinin istəyindən asılı olaraq saatda 30 mildən 35 milədək nəzərdə tutulub. Bu sürət belə ölçüdə gəmilər üçün yüksək sayılır. Bu qayığın üstünlüyü odur ki, ondan müəyyən rəng, dizayn və avadanlıq dəyişikliyi etməklə həm hərbi, həm də mülki məqsədlər üçün, xüsusən də turizm sektorunda istifadə etmək olar.

 

Digər qayığın uzunluğu 28 m-dir. Sürəti saatda 40 mildən 45-milədək ola bilər.

MB-FPB28 (Fast Patrol Boat) qayıqları əsasən sahil sərhəd mühafizəsi üçün nəzərdə tutulur.

O biri iki qayıq daha sürətlidir. Bunlardan birinin uzunluğu 17 m-dir. MB FAB17 (Fast Attack Boat) adından göründüyü kimi hücum üçün nəzərdə tutulub. Sürəti saatda 70 milədəkdir.

 

MB FAB14 (Fast Attack Boat) isə digərindən balaca olmasına baxmayaraq, sürəti daha az, yəni 50 mildən 55 milədəkdir. Əslində bu da çox böyük göstərici hesab olunur və quruda 3 dəfə artıq sürət deməkdir. Burada dəniz milini km-ə çevirəndə yüksək rəqəmlər ortaya çıxır.

Bu qayıqlara 4-6 nəfərdən başlamış 30 nəfərədək yerləşə bilər.

 

F.Fətəliyev deyir ki, bu cür qayıqları çox qısa müddətdə, cəmi 1-2 aya inşa etmək mümkündür: "Bu qayıqların üstünlüyü odur ki, onlar yerli kompozit materiallardan istifadə olunaraq hazırlanacaq. Yəni qayıqların korpusu metal yox, kompozit olacaq. Bu isə onların yüngül olmasını təmin edir. Həm korpusun metaldan olmaması, eləcə də onun dizaynı qayığın sürətinin yüksək olmasına imkan verir. Qayıqların inşası üçün daha çox yerli materiallardan, Azərbaycanda istehsal edilən neft-kimya məhsullarından istifadə ediləcək. Mühərriklər və digər texniki avadanlıqlar isə xaricdən gətiriləcək. Qayıqların silah təchizatı müştərinin istəyinə uyğun həyata keçiriləcək".

 

Tam olaraq azərbaycanlı mütəxəssislər tərəfindən layihələndirilmiş qayıqların inşasına 2-3 aydan sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Türkandakı Gəmi İnşası və Təmiri Mərkəzində başlanılacaq. İlkin mərhələdə hər qayıqdan 2 ədəd istehsal ediləcək. Onlar hələlik yalnız nümayiş etdirilmək üçün nəzərdə tutulur.

 

Qeyd edək ki, sürətli qayıq layihələri hazırda Bakıda keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş olunur. Artıq onunla Rusiya və İran tərəfindən ciddi maraqlanmağa başlayıblar. Milli.Az

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar