GünAz TV: Cümə axşamı, dekabrın 1-də Keniyada İranın iki vətəndaşına qarşı terror aktları törətmək üçün informasiya toplamaq ittihamı irəli sürülüb.
Mussavat.com-un məlumatına görə, ittiham həmin şəxslərdə İsrail səfirliyinin videoyazısı aşkarlandıqdan sonra rəsmiləşib.
“AssociatedPress”in məlumatına görə, iranlılar Azərbaycanda İsrail obyektlərinə qarşı terror aktları planlaşdırırmışlar. Prokuror (dadistan) Dunkan Ondimin sözlərinə görə, Səid Nasrollah İbrahim və Abdulhüseyn QoliSəfəri Nayrobidə çərşənbə axşamı İranın diplomatik maşınında saxlanılıblar. Onlar türmədə terrorizm ittihamı ilə yatan iranlı məhbuslara baş çəkməkdən qayıdırmışlar. Şübhəlilər telefonla çəkilişlər aparırmışlar. Avtomobili idarə edən keniyalı sürücü də terrorçuluğa himayədə suçlanaraq saxlanılıb.
Bildirilir ki, İran casusları Azərbaycanda, Tailandda və Hindistanda İsrail obyektlərinə qarşı terror təşkilində şübhəli bilinirlər. O da qeyd edilir ki, bu, ilk dəfə deyil ki, Keniyada terrorizmdə şübhəli bilinən İran vətəndaşları saxlanılır və həbə məhkum edilir.
Konkret olaraq Azərbaycana gəlincə, illər öncə Bakıdakı İsrail səfirliyi ilə bağlı da oxşar xəbər yayılmışdı. Bəllidir ki, Bakının yəhudi dövləti ilə isti münasibətləri heç vaxt Tehranı qane eləməyib. Xüsusən də İsraillə Azərbaycan arasında son illər hərbi və hərbi-texniki sahədə genişlənən əməkdaşlıq cənub qonşumuzu ciddi narahat etməkdədir.
Dekabrın 13-də isə İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri gözlənilir. Keniyadakı tutuqlama həm də məhz bu ərəfəyə təsadüf eləməsi ilə xüsusi diqqət çəkir. (Musavat.com)
N.S