SON XƏBƏRLƏR

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini yumşaltması imkanları tükənib-politoloqlar

2021.10.20, 07:36
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini yumşaltması imkanları tükənib-politoloqlar

Gunaz.tv
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini yumşaltması imkanları tükənib-politoloqlar _nagorno_karabakh_270807.jpg Azərbaycan, Bakı, 06 iyun/ «Trend News», müxbir İ.Əlizadə/ Azərbaycanın politoloqları hesab edirlər ki, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini yumşaltması imkanları tükənib. «Azərbaycan Dağlıq Qarabağın erməni icmasına ən yüksək özünü idarəetmə statusu verməyə hazırdır. Bu isə müstəqilliyə bərabər statusdur və Dağlıq Qarabağın erməni icmasına ən böyük güzəştdir», - deyə cümə günü Trend News-a açıqlamasında Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə sabiq müşaviri, müstəqil politoloq Vəfa Quluzadə bildirib. Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, rəsmi Bakı Dağlıq Qarabağla bağlı mövqeyini yumşalda bilər. Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir. «Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Dağlıq Qarabağ münaqişəsinin həlli deməkdir. Yaxın vaxtlarda isə ermənilərin belə bir addım atması real deyil. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına imkan vermir», - deyə politoloq əlavə edib. Müstəqil politoloq Rasim Musabəyov isə, hesab edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, rəsmi Bakı Dağlıq Qarabağın erməni icması ilə danışıqlara başlaya bilər. «Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Bu da rəsmi Bakının Dağlıq Qarabağla bağlı mövqeyinin yumşalmasına səbəb ola bilər. Çünki Azərbaycan bəyan edir ki, əraziləri Ermənistan işğal edib və ona görə də Dağlıq Qarabağ erməniləri ilə danışıqlar aparmaqdan imtina edir», -deyə Musabəyov əlavə edib. Onun fikrincə, yaxın vaxtlarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması real deyil. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar