SON XƏBƏRLƏR

Azərbaycanın yoxsul tələbələri hesabına Tehran müdirlərinə hədiyyə

2021.10.20, 07:36
Azərbaycanın yoxsul tələbələri hesabına Tehran müdirlərinə hədiyyə

Gunaz.tv

GünAz TV: Təhsil imkanları acınacaqlı vəziyyətdə olan Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətinin təhsil direktoru vəzifəsini qorumaq üçün Tehrandakı müdirlərinə hədiyyə göndərib.

 

 

Durnanews xəbər saytının verdiyi məlumata görə, Təhsil Nazirliyinin Qərbi Azərbaycan Şöbəsinin rəisi İbrahim Məhəmmədi əyalətin təhsil büdcəsindən Tehran müdirlərinə püstə hədiyyə etdiyini təsdiqləyib.

 

 

Məlumata görə, fövqəladə və təcili ödənişlər üçün nəzərdə tutulan büdcə hesabına alınan hədiyyənin tam rəqəmini açıqlamayan Məhəmmədi bunu “müvəqqəti vəsait köçürməsi” adlandırıb.

 

 

Məsələ ilə bağlı araşdırma aparan nəzarət qurumlarına da açıqlama verdiyini bildirən Məhəmmədi əlavə edib ki, “bu müvəqqəti vəsait köçürməsinin düzgün olmadığını qəbul etdik”.

 

 

O həmçinin, bunun təhsil büdcəsinə ciddi ziyan vurmadığını, tələbələr üçün nəzərdə tutulmuş maddi vəsaitin xərclənmədiyini iddia edib.

 

 

İranda Püstə bahalı və lüks məhsuldur. Məsələni araşdıran bəzi jurnalistlərin fikrincə, yoxsul azərbaycanlı şagirdlərin hesabına Tehran müdirlərinə hədiyyə göndərmək direktorluq vəzifəsinin davam etdirilməsini sığortalamaq məqsədini daşıyır.

 

 

İran rəsmilərinin açıqlamasına görə, Qərbi Azərbaycan adambaşına düşən dərs otağı siyahısında son dörd əyalətdən biridir. Əyalətin təcili olaraq 8 min dərs otağına ehtiyacı var.

 

 

Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 

  

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar