SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Dr. Seyid Camal Musəvinəjad 1 il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Dr. Seyid Camal Musəvinəjad 1 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi azərbaycanlı milli-mədəni fəal Dr. Seyid Camal Musəvinəjad barəsində çıxarılan 1 illik həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

 

Sarablı fəal bundan əvvəl yaşadığı şəhərin məhkəməsi tərəfindən “Sarablı” adlı Teleqram kanalındakı fəaliyyətinə görə “sistemin əleyhinə təbliğ etmək” kimi qondarma ittihamla üzləşərək 1 il həbs cəzasına məhkum edilib.

 

Apelyasiya Məhkəməsi müttəhimin təqdim etdiyi bütün sənəd və dəlilləri rədd edərək verilən  həbs cəzasını təsdiq edib.

 

Sarab şəhərinin təhlükəsizlik qüvvələri ötən aylarda azərbaycanlı fəalın evinə hücum çəkərək evdə axtarış aparıb, fəala aid mobil telefonu, ləptop, kitab və əlyazmaları götürüblər. Bundan sonra fəal bir neçə dəfə Sarabın Ettelaat İdarəsinə çağırılıb. Ettelaat İdarəsi dosye təşkil olunduqdan sonra onu Sarabın Ədliyyə Şöbəsinə göndərib. İlk öncə sistemin əleyhinə təbliğ etmək, rəhbəri və müqəddəsləri təhqir etməkdə günahlandırılan fəal, sonralar keçirilən məhkəmə prosesində irəli sürülən iki ittihamdan bəraət qazanıb, o yalnız sistemin əleyhinə təbliğ etmək ittihamı ilə Sarab Məhkəməsi tərəfindən 1 illik həbs cəzasına məhkum edilib.

 

Məhkəmə, Teleqram kanalında 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulması və hökumətin rəhbəri, böyük öndər Seyid Cəfər Pişəvəri haqda tarixi mətləb yaymaq və kompüterində Azərbaycan Cümhuriyyətinin bayrağını öpdüyü şəkilin tapılmasını dəlil kimi göstərərək fəalı sistemin əleyhinə təbliğ etməkdə günahlandırıb.

 

S.C.Musəvinəjadın sözlərinə görə, o sorğu-suala tutulduğu və ittihamlarının elan olunduğu zaman, həmçinin məhkəmə prosesi, o cümlədən Apelyasiya Məhkəməsinin iclası zamanı təhlükəsizlik və məhkəmə məsulları tərəfindən təhqir və təzyiqlərə məruz qalıb.

 

Adını çəkdiyimiz fəal 2012-ci ildə daha 4 sarablı fəalla birlikdə saxlanılaraq ağır işgəncələrə məruz qalıb. O həmin zaman qanunsuz qruplara üzv olmaq ittihamı ilə bir il həbs cəzası ilə üzləşib.

 

İranda azərbaycanlı fəalların bütün mədəni fəaliyyəti rejim tərəfindən böyük suç kimi qəbul olunur, ona görə də hakimiyyət saxta ittihamlarla azərbaycanlı milli-mədəni fəalları sıxışdıraraq onları mədəni fəaliyyətdən çəkindirməyə çalışır.

 

Aşağıdakı görüntülər S.C.Musəvinəjad barəsində  çıxarılan məhkəmə hökmləridir:

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar