SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Siyamək Mirzayi və daha 4 siyasi məhbus qısa müddətli etiraz aksiyası keçiriblər

2021.10.20, 07:36
Azərbaycanlı fəal Siyamək Mirzayi və daha 4 siyasi məhbus  qısa müddətli etiraz aksiyası keçiriblər

Gunaz.tv

GünAz TV: Tehranın Evin Zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi və daha 4 siyasi məhbus İranda insan hüquqlarının pozulmasına etiraz olaraq qısa müddətli etiraz aksiyası keçiriblər.

 

Siyamək Mirzayi, Əbdülfəttah Sultani, Əlirza Təvəkküli, Əlirza Qulipur və Rza Ağacaninin aclıq aksiyası 3 gün davam edib, Fəallar simvolik xarakter daşıyan aksiyanı Novruz bayramında dayandırıb.

 

“Herana” xəbər agentliyi siyasi məhbusların ailə üzvləri ilə əlaqə saxlayaraq qısa müddətli etiraz aksiyası haqda yayılan xəbərin doğru olduğunu öyrənib.

 

Həmçinin vəkil və insan haqları müdafiəçisi Əbdülfəttah Sultani məsullara açıq məktub ünvanlayaraq etiraz aksiyasının səbəbini bəzi Ettelaat məmurlarının məhkəmə orqanlarına təsir etməsi ilə əlaqələndirib.

 

Bu arada Evin zindanında məhbus həyatı yaşayan müəllim Muxtar Əsədi Novruz bayramı ilə əlaqədar məzuniyyət hüququnun təmin edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O nəzərdə tutulmuş hüququnun təmin olunmamasında həbsxanaya nəzarət edən hakimi günahlandırıb.

 

S.Mirzayi bundan əvvəl də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin magistratura (yüksək lisans) səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

S.Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib. O hazırda Evin zindanının 8-ci korpusunda məhbus həyatı yaşayır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar