SON XƏBƏRLƏR

Azərbaycanlı kunq fuçunun bədən üzvləri bir neçə nəfəri həyata qaytardı – Xoy şəhərində

2021.10.20, 07:36
Azərbaycanlı kunq fuçunun bədən üzvləri bir neçə nəfəri həyata qaytardı – Xoy şəhərində

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Xoy şəhərində yeniyetmə kunq fuçunun bədən üzvləri ailəsinin razılığı ilə orqana ehtiyacı olan xəstələrə bağışlanıb.


Məlumata görə, ötən həftə keçirilən “Günəbaxan festivalı”nın mərasimində, Məhəmməd İlati səhnə hərəkətləri nümayiş etdirdiyi zaman baş nahiyyəsindən ağır zərbə alıb.  


Xoy Qəmər Bəni Haşim Xəstəxanasının həkimləri aldığı travmadan komaya düşən idmançının həyata qaytarılmasının mümkün olmadığını bildirincə, ailəsi onun bədən orqanlarının ehtiyacı olan xəstələrə köçürülməsinə icazə verib.


Bu barədə Qərbi Azərbaycan Döyüş İdmanları Heyətinin rəisi Yusif Bidardel “İrna” Xəbər Agentliyinə bildirib ki, “Xoy şəhərinin “Millət” parkında Kung Fu, Taekvondo və Uşu üzrə idmançıların qatıldığı mərasimdə 16 yaşlı M.İlati səhnə hərəkətləri nümayiş etdirdiyi zaman yerə dəyərək baş nahiyyəsindən ağır zərbə alıb. Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq M.İlatinin sağalmasına heç bir ümid olmadığı məlum oldu. Bundan sonra idmançının ailəsi çox önəmli bir qərar verib. Onların humanist addımı bir neçə insanı yenidən həyata qaytarıb.”


M.İlati baş verən bədbəxt hadisədən bir gün əvvəl Qərbi Azərbaycan Çempionatında 48 kq çəki dərəcəsində ilk yeri tutaraq qızıl medalına layiq görülüb. O ötən illərdə ölkə və əyalət üzrə keçirilən müxtəlif yarışlarda böyük uğurlara imza atıb.


Qeyd edək ki, Azərbaycan diyarında hər gün ülvi və müqəddəs dəyərlərin yaşadığına dəlalət edən müxtəlif faktlara rast gəlinir. Ötən həftə 48 yaşlı meşginşəhrli soydaşımızın bədən üzvləri ilə 8 xəstə yenidən həyata qaytarılmışdır. Motosikletlə qəza keçirib beyin ölümünə düçar olan Əsğər Dustinin ailəsi onun bədən orqanlarının ehtiyacı olan xəstələrə bağışlanması barədə qərar vermişdir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar