SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili Muğan Aqrosənaye Kompleksinin Parsabad əhalisinə buraxılmasını istəyib

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili Muğan Aqrosənaye Kompleksinin Parsabad əhalisinə buraxılmasını istəyib

Gunaz.tv

GünAz TV: Parsabad və Biləsuvarın İran parlamentindəki millət vəkili Şəkur Purhüseyn Muğan Aqrosənaye və Heyvandarlıq Şirkətinin Parsabad əhalisinə buraxılmasını istəyib.

 

O bu barədə “Fars” xəbər agentliyinin müxbirinə danışıb.

“Özəlləşdirmə Şirkəti, Muğan Aqrosənaye Şirkətininin özəlləşdirilməsi barədə qərar verdiyi zaman Təftiş Təşkilatı, Ali Audit Məhkəməsi, İqtisadiyyat Nazirliyi, Parlament sədri, 90-cı maddə komissiyası, Ettelaat Nazirliyi, Daxili İşlər Nazirliyi və s. kimi orqanlara müraciət edərək şirkətin özəlləşdirilməsini dayandırmağa çalışdım. Biz indi də kompleksin özəlləşdirilməsinə qarşı deyilik. Lakin bu real qiymətə və qanun çərçivəsində Parsabad əhalisinin mənafeyinə uyğun şəkildə həyata keçirilməlidir”- deyə o bildirib.

 

Ş.Purhüseyn Muğan Aqrosənaye Şirkətinin əhəmiyyəti barədə bildirib ki, bu kompleks ölkənin şimal-qərb bölgəsinin ən böyük iqtisadi müəssisəsidir. Parsabad əhalisi yeni iş fürsətlərinin yaranması üçün şirkətin inkişaf etməsini istəyir. Lakin şirkət bir çox imkanlara malik olduğu halda dəyərindən qat-qat ucuz qiymətə satılmışdır”- deyə o bildirib.

 

Millət vəkili hazırda Aqrosənaye şirkətinin ziyanda olduğunu xüsusi vurğulayaraq bildirib ki, biz kompleksin qabliyyətsiz insanlara satılaraq talan olunmasına icazə verməyəcəyik. Bu kopmleks bölgə əhalisi üçün minlərlə iş fürsəti yaratmalıdır. Ona görə də hökumətdən tələb edirəm ki, Muğan Aqrosənaye Şirkəti Parsabad əhalisinə buraxılsın. Bu bölgə üçün çox önəmli məsələdir.

 

Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur. Kompleks ötən aylarda dəyərindən qat-qat ucuz qiymətə hökumətə yaxın şəxslərə satılmışdır. Bu hadisə güney azərbaycanlılar və bəzi yerli məsulların kəskin etirazına səbəb oldu. Bundan sonra hökumət rəsmiləri şirkətin özəlləşdirilməsinə dair müqavilənin ləğv olunduğunu elan etdilər. Hazırda bölgə əhalisi nəhəng aqrosənaye kompleksinin kimə və ya hansı şirkətə satılacağını diqqətlə izləyir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar