SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili: Prezidentin “Təbriz 2018”, “Traxtur”, Urmu Gölü və mədənlər haqda dilə gətirdiyi sözlər şüardan başqa heç nə deyil

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili: Prezidentin “Təbriz 2018”, “Traxtur”, Urmu Gölü və mədənlər haqda dilə gətirdiyi sözlər şüardan başqa heç nə deyil

Gunaz.tv

GünAz TV: Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi prezident Həsən Ruhaninin ötən həftəki Təbriz səfəri və onun nəticələri haqda mətbuata danışıb.

 

O bu barədə “Təbriz bidar” agentliyinin müxbiri ilə danışıqda məlumat verib.

 

“Prezidentin dilə gətirdiyi sözlər çox adi və şüar həddində idi. O ən azı “Təbriz 2018” üçün müəyyən məbləğdə büdcə vəsaiti ayıra bilərdi. Lakin bunu görmədik. Onun digər sözləri isə bundan əvvəl kütləvi informasiya vasitələrində yayılmışdır. Urmu gölünün canlandırılması məsələsi, əyalətin mədənləri və “Traxtur” komandası ilə bağlı deyilən sözlər də şüardan başqa heç nə deyil. Bütün bunlar müvəqqəti sevinc hissi keçirməyə planlaşdırılmışdır”- deyə o bildirib.

 

Millət vəkili “Təbriz 2018” layihəsi ilə bağlı heç bir yeniliyin olmadığını bildirərək qeyd edib ki, “keçmiş hadisələr yenə də təkrar olur. Bu barədə heç bir yenilik yoxdur. Təbrizdə turizm infrastrukturu çox pis vəziyyətdədir, bu istiqamətdə heç bir iş də görülmür.”

 

O prezidentin heç vaxt yerinə yetirilməyən vədlərinə də işarə edib. “Ötənilki seçkilər dönəmində iş axtaranlar üçün xüsusi sistemin yaradılacağı barədə vəd verildi, lakin seçkilərdən sonra hər şey unuduldu. Həmçinin subsidiyası (yaranə) kəsilən şəxslərə SMS göndərilərək subsidiyaların yenidən ödəniləcəyi haqda söz verildi, amma bu vəd də seçkilərdən sonra yerinə yetirilmədi”- deyə azərbaycanlı millət vəkili bəyan edib.

 

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

 

Həsən Ruhani 5 il əvvəl Urmu gölünün canlandırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması haqda Azərbaycan türk millətinə söz vermişdir. Verdiyi vədlərin heç birini yerinə yetirməyən H.Ruhani ötən həftə Təbrizdə oxşar vədlər verməyə çalışıb. Lakin o bu dəfə kimsəni inandıra bilməyib və kəskin etirazlarla Tehrana yola salınıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar