SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkilləri Urmu gölünün canlandırılması üçün 200 milyon dollar vəsait tələb edib

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkilləri Urmu gölünün canlandırılması üçün 200 milyon dollar vəsait tələb edib

Gunaz.tv

GünAz TV: İran parlamentinin 9 millət vəkili qurumaqda olan Urmu gölünün canlandırılması üçün Milli İnkişaf Fondundan 200 milyon dollar vəsait tələbi ilə ölkə prezidenti Həsən Ruhaniyə müraciət edib.

 

Bununla bağlı Həsən Ruhaninin ötən günlərdə Qərbi Azərbaycana səfəri zamanı ona məktub ünvanlanıb. Məktubu imzalayan azərbaycanlı millət vəkillərinin kimliyi bundan ibarətdir:

 

1) Urmiyənin millət vəkili Hadi Bahaduri

2) Urmiyənin millət vəkili Ruhulla Həzrətpur

3) Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar

4) Xoyun millət vəkili Tağı Kəbiri

5) Qoşaçay, Tikantəpə və Şahindejin millət vəkili Cahanbəxş Mohebbi

 

Prezidentə ünvanlanan məktubu kəlimilərin millət vəkili Yonatan Bət Kolya da imzalayıb.

 

Məktubu imzalayan digər 3 millət vəkilinin kimliyi məlum deyil.

 

Məktubda Urmu gölü ətrafında kənd təfərrüfatı üçün tələb olunan suyun miqdarının azaldılması məsələsi birinci prioritet kimi göstərilib. Qeyd olunub ki, bunun üçün suvarma sistemi modernləşdirilməlidir və yeni sistemə keçmək üçün külli miqdarda vəsait lazımdır.

 

Millət vəkilləri göl üçün tələb etdikləri vəsaitin gələn ilin büdcə layihəsində nəzərə alınmasını tələb ediblər.

 

Urmu gölü ilə bağlı edilən müraciətin prezident tərəfindən müsbət qarşılanacağına ümid azdır.  

 

Ötən 4 il ərzində Urmu Gölünü Canlandırma Mərkəzinə ayrılan büdcə vəsaitinin 40 faizdən azı ödənilib. Son iki ildə isə ümumiyyətlə bir rial belə ödənilməyib. Halbu ki, yalnız cari ildə Fars Dili Mədəniyyət Evi və Sədi Fonduna 430 milyard rial vəsait ayrılıb.

 

95 faizi quruyan Urmu gölündə böhran günü-gündən dərinləşir. Göl bir neçə ildir ki, yalnız yağıntıların hesabına tam olaraq qurumayıb. Dövlət tərəfindən gölün canlandırılması üçün qısa zamanda əməli tədbirlər alınmasa gölün təmami ilə quruması qaçılmazdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar