SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkillərinin türk dilinin tədris olunmasına dair tələbləri və İshaq Cahangirinin buna cavabı…

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkillərinin türk dilinin tədris olunmasına dair tələbləri və İshaq Cahangirinin buna cavabı…

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Zəhra Sai, Şərqi Azərbaycan Deputatlar Birliyinin nümayəndələri ilə ölkə prezidenti Həsən Ruhaninin müavini İshaq Cahangiri arasında keçirilən iclas barədə mətbuata  məlumat verib.

 

“Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi”ni fəaliyyətsizlikdə günahlandıran Z.Sai, türk dilinin tədrisi ilə bağlı ciddi tələb irəli sürüldüyünü bildirib.

 

““Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılması Azərbaycan əhalisinin əsas tələblərindən və prezidentin bölgə əhalisinə verdiyi önəmli vədlərdən biridir. İclasda qərara alındı ki, cənab İ.Cahangiri mövzu ilə bağlı prezidentlə məsləhətləşmələr aparsın”- deyə o qeyd edib.

 

Millət vəkili iclasda müzakirə olunan daha bir önəmli məsələyə də toxunub. “Türk dilinin məktəblərdə tədris olunması məsələsi də iclasda müzakirə olunan mövzulardan biri oldu. Hökumətin zəngin türk dilinin qorunub saxlanılması istiqamətində addım atmasına ümid edirik. Cənab İ.Cahangiri bu məsələni Nazirlər Kabinetində gündəmə gətirəcək, nəticə Şərqi Azərbaycan Əyalətinin millət vəkillərinə elan olunacaq”- deyə Z.Sai vurğulayıb.

 

“Fars” xəbər agentliyinin yaydığı xəbərə görə, İ.Cahangiri azərbaycanlı millət vəkillərinin irəli sürdüyü tələblərə işarə edərək bildirib ki, “Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi”nin “Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nə çevrilməsi və məktəblərdə türk dilinin tədris olunması məsələsi Mədəni İnqilab Ali Şurasında gündəmə gətirilməli, həmçinin bu haqda Təhsil naziri ilə müzakirələr aparılmalıdır. Yalnız bundan sonra millət vəkillərinin tələbi təmin oluna bilər.

 

 

İ.Cahangiri sözügedən mövzularla bağlı prezident Həsən Ruhaninin verdiyi vədi eşitməmiş kimi danışıb, sanki Azərbaycan türkləri ilk dəfədir belə bir tələb irəli sürüblər. Bu göstərir ki, irəli sürülən tələblərin təmin olunması ilə bağlı hərhansı addım atılmayacaq.

 

“Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılması İran prezidenti Həsən Ruhaninin 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycan əhalisinə verdiyi vədlərdən biri olub. Lakin o prezident seçildikdən sonra verdiyi vədi yerinə yetirməyib. 2015-ci ildə isə “Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yerinə Təbrizdə  “Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi” təsis edilib. Hazırda mərkəzin yaradılmasından 2 ildən çox keçir, lakin qurum Azərbaycanın ədəbiyyat, incəsənət və mədəniyyəti uğrunda heç bir addım atmayıb. Mərkəzin adında türk sözündən istifadə olunmaması da  onun fəaliyyətinin hansı istiqamətdə olduğuna ciddi işarədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar