SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlıya qarşı sui-qəsd cəhdi olub

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlıya qarşı sui-qəsd cəhdi olub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində milli-mədəni fəal Cavad Əhmədi Yekanlı naməlum şəxslərin hücumuna məruz qalıb.

 

Hadisə oktyabrın 3-ü Təbriz vaxtı ilə saat 23 radələrində baş verib.

 

Məlumata görə, fəal atası evindən piyada gəzintiyə çıxdığı zaman iki motosikletçinin hücumuna məruz qalıb. Onlar fəala ağır zərbə endirərək onu yerə yıxıb və dərhal hadisə yerindən qaçıblar.

 

Hadisə nəticəsində baş nahiyyəsindən yaralanan fəalın üz-gözünü qan bürüyüb. Onun kürək nahiyyəsindən cüzi xəsarət aldığı və mobil telefonunun da qırıldığı bildirilir.

 

Hələlik hadisənin səbəbi və hücumçuların kimliyi barədə heç bir məlumat yoxdur.

 

Cavad Əhmədi Yekanlı həmçinin Babək qalası yürüşü ilə əlaqədar saxlandığı Kəleybər zindanından azadlığa buraxıldıqdan sonra iyulun 9-da Xoyda 3 naməlum şəxsin hücumuna məruz qalaraq yaralanmışdır.

 

Bundan əvvəl İranın təhlükəsizlik qüvvələri adı çəkilən azərbaycanlı fəal və ailəsi ilə telefon əlaqəsi saxlayaraq onun mədəni fəaliyyətinin ağır bədəli barədə xəbərdarlıq ediblər.

 

Cavad Əhmədi Yekanlı may ayında Sulduz şəhidlərinin məzarı başında keçirilən mərasimə qatıldığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq işgəncə edilib. Mərasim 2016-cı ildə azərbaycanlıların Milli Qiyamı zamanı canlarını fəda etmiş şəhidlərin xatirəsinə həsr edilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar