SON XƏBƏRLƏR

Bağdadiyə qarşı əməliyyata reaksiyalar

2021.10.20, 07:36
Bağdadiyə qarşı əməliyyata reaksiyalar

Gunaz.tv

GünAz TV: Prezident Donald Trampın bazar günü Ağ Evdə keçirilən mətbuat konfransında İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi qüvvələrinin Suriyada İdlibdə keçirdiyi əməliyyat zamanı öldürülməsini elan etməsinin ardınca Birləşmiş Ştatların özündə və dünyada hadisə ilə bağlı reaksiyalar verilir.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Twitter səhifəsindəki mesajında Bağdadinin ölümünün terrorizmə qarşı birgə mübarizədə dönüş nöqtəsi olduğunu bildirib.

 

Bəhreynin Xarici İşlər Naziri Xalid Əl-Xəlifə İŞİD liderinin ölümünün terrorçu təşkilat üçün “ölümcül zərbə” olduğunu deyib.

 

ABŞ-ın çox sayda qanunvericisi prezidentin açıqlamalarından sonra terrorçu qrupun liderinin ölümü ilə bağlı xəbərləri alqışlasa da, bəziləri terrorizmə qarşı mübarizədə qarşıda duran çətinlikləri vurğulayıb.

 

“Əl-Bağdadinin ölümü mühüm hadisədir, lakin İŞİD liderinin ölümü İŞİD-in ölümü demək deyil. İŞİD-in bir çox döyüşçüsü Suriya həbsxanalarında qeyri-müəyyən vəziyyətdə qalır, çox sayda başqaları isə regionda və bütün dünyada öz nüfuzunu yaymaq və terror aktları keçirmək əzmindədir” - deyə, Konqresin Nümayəndələr Palatasını spikeri Nensi Pelozi bildirib.

 

Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell hadisəni “İŞİD-ə qarşı kampaniyada mühüm bir addım” adlandırıb.

“Dünyada ən çox axtarılan şəxs məsuliyyətə cəlb edildi. Dünya bu gün daha təhlükəsiz bir yerdir. ABŞ və bizim terrorizmə qarşı mübarizədə tərəfdaşlarımız üçün bu qələbə İŞİD-ə qarşı kampaniya, Yaxın Şərqin gələcəyi, Amerika xalqı və dünyada bütün azad insanlar üçün mühüm bir addımdır”- deyə, Mitç Makkonnellin bəyanatında bildirilir.

 

ABŞ prezidenti Donald Tramp bazar günü Ağ Evdə keçirdiyi mətbuat konfransında İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Suriyanın şimal-qərbində reydi nəticəsində öldüyünü bildirib.

 

ABŞ-ın Müdafiə naziri Mark Esper və Vitse-prezident Mayk Pens bildiriblər ki, xüsusi təyinatlı qüvvələrin İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə qarşı prezident Trampın bu həftənin əvvəli təsdiq etdiyi hücumu keçirilməsi kəşfiyyatın son məlumatları sayəsində mümkün olub. “Amerikanın səsi”

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar