SON XƏBƏRLƏR

Siyasi məhbus Abbas Lisaninin həbsindən 3 il ötür

2022.01.16, 06:30
Siyasi məhbus Abbas Lisaninin həbsindən 3 il ötür

Gunaz.tv

Güney Azərbaycan milli kimliK və ana dili hərəkatının əsas simalarından olan Abbas Lisani 1967-ci ildə Ərdəbil şəhərində anadan olub.

Onun mübarizəsinin əsas amacı məktəblərdə Azərbaycan türkcəsınin tədrisi və Güney Azərbaycanın iqtisadi vəziyyətin yuksəlməsidir. Abbas bəy 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib.

2003–2005-cü illərdə hər il Güney Azərbaycan türkləri Xalq qəhrəmanı Babəkin anım günlərində Bəzz qalasına yürüşlər keçirilirdi. Bu yürüşlərə qatııdlğı üçün Abbas Lisani 2006-cı ilin avqust ayında həbs olunub.

Bundan əlavə o, 2003-cü ildə Azərbaycan dilində təqvim yazdığına görə də saxlanılmış, bir il həbs cəzasına məhkum edilib.

A.Lisani 2004-cü il iyunun 22-də Ərdəbilin “Sərçeşmə” məscidindəki aksiyaya qatıldığına, 2005-ci ilin avqust ayında Məşrutə inqilabının ildönümü münasibətilə Təbrizdə Bağır xanın məzarı üstündə keçirilən mərasimdə iştirakına görə yenidən həbs edilib.

2006-cı ilin may ayında “İran” qəzetində Güney Azərbaycan türklərini təhrir edən karikaturanın yayımlanmasından sonra Güney şəhərlərini etiraz aksiyalar bürümüşdü. Abbas Lisani Ərdəbil şəhərində keçirilən yürüş-mitinqlərin əsas təşkilatçılarından biri idi.

Buna görə məhkum olunan Abbas Lisani mhkəmənin qərarına əsasən 30 aylıq həbsə və 50 şallaq və 3 il sürgün cəzasına məhkum edilir və Əhər həbsxanasına göndərilir.

Lakin azərbaycanlıların yaşadığı Əhər şəhərində məsul şəxslər Abbas Lisaniyə şallaq vurmaqdan imtina edir. Bundan sonra Abbas Lisani öz doğma bölgəsindən 2000 km uzaqlıqda olan Yəzd həbsxanasına göndərilir. 

Abbas Lisaninin dediyinə görə, onun bura göndərilməsində məqsəd şallaq cəzasının yerinə yetirilməsi yox, sadəcə onun doğmaları ilə təmasına mane olmaq və türk əhalinin yaşadığı bölgədən uzaqlaşdırmaq idi.

Beynəlxalq Əfv Təşkilatının qərarına əsasən bu hökm qanunsuz elan edilib və Abbas Lisani vicdan məhbusu kimi qəbul olunub.
Həbs müddətinin son dövrünü Yəzd zindanında keçirən Abbas Lisani 2008-ci il oktyabrın 29-da azadlığa buraxılıb.

Abbas Lisani 2011-ci ildə Urmu gölünün ekoloji durumu ilə bağlı Ərdəbildə keçirilən etirazlardan sonra yenidən saxlanılıb.

Ailəsi ilə görüşə icazə verilmədiyi üçün aclıq aksiyasına başlaəb. Rejim mənsubları onu aclıq aksiyasını sonlandırmayacağı təqdirdə ucqar həbsxanaya göndəriləcəyi ilə hədələyib.

Abbas Lisani 2016-cı ilin noyabr ayının 7-də Ərdəbil şəhərində məhkəmədə həbs edilərək Meşkinşəhr (Xiyav) şəhərinin mərkəzi zindanına köçürülüb.

Həbsinin səbəbi isə özü kimi milli fəal olan Aydın Zakirinin toyunda dediyi nitq olmuşdu. “Pantürkizmdə” və "rejimə qarşı təbliğat aparmaq”da günahlandırılaraq həbs edilən Abbas Lisani apellyasiya məhkəməsinə müraciət edib və bəraət alıb.

Onunla birgə həbs edilmiş digər milli fəal Siyamək Mirzayi haqqında Tehran Apellyasiya Məhkəməsi ilkin məhkəmənin çıxardığı 10 il həbs və iki il sürgün hökmünü dəyişdirib, onu 3 il həbs və Cənubi Xorasanın Təbəs şəhərində bir il sürgündə yaşamaq cəzasına məhkum edib.


Abbas Lisani 2018-ci ilin iyul ayının 2-də həbs edilib. 12 gün saxlandıqdan sonra iyul ayının 14-də azadlığa buraxılıb.

Həbs edildiyi müddət ərzində 7 gün aclıq aksiyası keçirib.

Həbsdən azad edilməsi münasibəti ilə Təbrizdə milli fəallar arasında görüş keçirilmiş və bu görüş zamanı Həsən Dəmirçinin xatirəsi yad edilib.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdı. Fəalın ailə üzvləri və güney azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanları tərəfindən Ərdəbilə aparıldığı məlum olub. 

Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən iyulun 8-də "Qərbi Azərbaycan əyalətinin əhalisini silahlanmağa təhrik etmək", "milli təhlükəsizliyə qarşı cəhd göstərmək", "qanunsuz qrup yaratmaq" və "sistemin əleyhinə təbliğat aparmaq" kimi qondarma ittihamlarla 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum olunmuşdu. 

Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci Şöbəsinin oktyabrın 1-də keçirdiyi iclasda isə Lisaninin həbs cəzası artırılıb. O, Apelyasiya Məhkəməsinin qərarı ilə 15 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

2008-ci ilin sentyabrın 10-da axşam saatlarında Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylının) evində iftar mərasimi zamanı İranın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib.

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları olan 18 nəfər, o cümlədən Səid Muğanlı, Mehdi Nəimi, Abbas Nəimi, Əkrəm Nəccari, Rubab Əzimi, Fərhad Rizayi Qoşaçaylı, Məhəmməd Abbaspur,

Yusif Huşyar, Əlirza Sərrafi, Həsən Rəşidi, Həsən Rəhimi, Əkbər Azad, Hüseyn Heydəri, Şahbaz İbrahimnejad, Şahnaz İbrahimzadə və Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə, oğlanları Atilla Lisani və Oqtay Lisani saxlanılmışdı.

Abbas Lisaninin ailə üzvləri bir gündən sonra buraxılmışdı.


Bundan əlavə Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadəyə qarşı müxtəlif zamanlarda xaricə məlumat ötürmə iddiasıyla ittihamlar irəli sürülmüşdür.

Mənəvi təzyiq kimi isə həyat yoldaşı ilə görüşməsinə uzun müddət icazə verilməyib.
Abbas Lisani Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) tərəfindən "vicdan məhbusu" adlandırılmış və onun azad olunması üçün kampaniyalar başladılıb.

Hazırda Ərdəbil zindanında saxlanılan Abbas Lisani həbs olunduqdan bu günə kimi müxtəlif istəklərlə, o cümlədən məhbusların hüquqlarının pozulmasına etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib.

Pandemiya dövründə zindanlarda koronavirusun geniş yayılmasına baxmayaraq məhkəmə və zindan məsulları onun məzuniyyətə buraxılmasına icazə verməyiblər.

Müxtəlif xəstəliklərdən, yüksək qan təzyiqindən və bel ağrılarından əziyyət çəkməsinə, həkimlərin bu barədə rəyinə baxmayaraq, onun həbsxanadan qıraq xəstəxanada müalicə olunmasına icazə verilməyib.

Bu günə kimi, çox saylı insan haqları təşkilatları, Beynəlxalq Əfv Təşkilatı, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı, BMT-nin İranda İnsan Haqları üzrə Məruzəçisinin  İranda insan haqlarının durumu ilə bağlı

yayınladıqları hesabatlarda Abbas Lisaninin durumundan nigəranlıq ifadə olunub, onun hüquqlarının tanınması, azadlığa buraxılması tələb olunub.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar