Beynəlxalq Bəhai İcması noyabrın 30-da bəyanat yayaraq, İranda son günlər bəhailərə qarşı təhdid və təzyiqlərin geniş vüsət aqlmasından narahat olduğunu bildirib.
Gunaz.tv
Beynəlxalq Bəhai İcmasının Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəsi Dian Əlai mediaya açıqlamasında deyib ki, İran rejiminin bəhailərin ibtidai hüquqlarını pozması davam edir: “Son günlər İranda bəhailərin evlərinə edilən hücumlar, bəhai vətəndaşların ibtidai hüquqlarının açıq-aşkar pozulmasından başqa bir şey deyil. Bu kimi kobud rəftarın səbəbi isə dini təəssüb və ayrı-seçkilikdən qaynaqlanır.
İranda yoluxucu xəstəliyin geniş yayılmasını nəzərə alaraq, sağlamlıqla bağlı vəziyyət çox acınacaqlıdır. Lakin buna baxmayaraq, son günlər İranın hökumət qüvvələri xəstəliyin yayılmasının qarşısını almaq üçün qoyulan qadağa və məhdudiyyətlərə riayət etmədən qanuna tabe olan insanların mənzillərinə basqın ediblər.
Bununla da hökumət qüvvələri bir neçə şəhərdə bəhailərin mənzillərinə hücum edərək bəhai vətəndaşları, o cümlədən də yaşlı və xəstə insanlar və uşaqları virusa yoluxma təhlükəsi ilə üz-üzə qoyublar.
Bundan başqa, İran hökuməti bir neçə vaxtdır müxtəlif bəhanələrlə bəhailərin əmlakını müsadirə etməyə və onları daha yoxsul vəziyyətə salmağa çalışır, bəhailərin əmlakını mənimsəmək üçün geniş planlar üzərində iş aparır.
İran rejiminin məmurları bəhai vətəndaşlar arasında qorxu hissini yaymaq üçün onların evlərinə basqın edir, şəxsi əmlak və əşyalarını müsadirə edir, onları təhdid və təzyiqə məruz qoyur. Bu isə yolverilməzdir və hesab edirəm ki, dünya birliyi bunun qarşısını almalıdır” -deyə, Beynəlxalq Bəhai İcmasının Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəsi Dian Əlai bəyan edib.
Xatırladaq ki, noyabrın 22-də İran təhlükəsizlik qüvvələri bir neçə şəhərdə onlarla Bəhai vətəndaşın mənzillərinə basqın edərək axtarış aparıblar.
Axtarışlar zamanı məmurlar vətəndaşların fərdi əşyalarını, o cümlədən də noutbuklarını, mobil telefonlarını, şəxsi kompüterlərini və Bəhai dini ilə əlaqəli kitabları müsadirə edərək aparıblar. Mənzillərə hücumların daha çox Əlburz, İsfahan və Mazandaran əyalətlərində keçirildiyi bildirilir.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
İranda hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.
A.M