SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alimin edam hökmünün İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənməsinə etiraz edib

2021.10.20, 07:36
Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alimin edam hökmünün İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənməsinə etiraz edib

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calali haqda çıxarılan edam hökmünün İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənməsi Beynəlxalq Əfv Təşkilatının etirazına səbəb olub.

 

Beynəlxalq Təşkilatının bu barədə hazırladığı raporta görə, tanınmış alim haqda çıxarılan edam hökmü bağlı qapılar arxasında, tələm-tələsik və son müdafiə mətni təhvil alınmadan təsdiq edilib.

 

Həmin raporta əsasən, ötən günlərdə Əhmədrza Calalinin vəkili edam hökmünün Ali Məhkəmənin 1-ci Şöbəsi tərəfindən təsdiq edildiyi barədə xəbər tutub. Ali Məhkəmə son müdafiə mətnini qəbul etmədən qərar çıxarıb.

 

Beynəlxalq Əfv Təşkilatının Şimali Afrika və Yaxın Şərq bölümünün rəis müavini Maqdalena Məğrebi İran Ali Məhkəməsinın bu qərarına etiraz olaraq bildirib ki, “Bu qərar cənab Calalinin ədalətli məhkəmə prosesi  hüququnu pozmaqla yanaşı, həm də onun  həyat hüququnu pozur. Görünür ki, İran İslam Cümhuriyyətinin rəsmiləri qəsdən cənab Calalinin dosyesinin düzgün araşdırılmasını istəmir.”

 

Beynəlxalq Əfv Təşkilatının rəsmisi əlavə edib ki, İranın səlahiyyətli şəxsləri dərhal hökmü dəyişib, müttəhimə özünümüdafiə hüququ tanıyıb və dosyeyə düzgün baxılması üçün şərait yaratmalıdır.

 

Hakim Abbas Cəfəri Dolətabadi oktyabr ayında Əhmədrza Calalini Mossad Kəşfiyyat Xidmətinə casusluqda günahlandırıb. Qondarma iddiaya görə, o terror edilən bəzi iranlı nüvə alimləri ilə bağlı “Mossad”a məlumat ötürüb. Alimin özü, ailəsi v ə vəkilləri bu ittihamı qətiyyətlə rədd edir.

 

Mətbuatda yayılan xəbərlər və müttəhimin yaxınlarının sözlərinə görə, təbrizli alim İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.

 

Qondarma ittihamla üzləşən azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O 9 il əvvəl İsveçin (Sued) Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Əhmədrza Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

Edam hökmü oktyabrın 21-də elan olunub.

Müstəntiqlər istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.

 

Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə məhdudiyyətlər qoyulub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar