SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İrana səsləndi: “Hakimiyyətlər müəyyən bir geyim tərzini qadınlara zorla qəbul etdirə bilməzlər”

2021.10.20, 07:36
Beynəlxalq Əfv Təşkilatı İrana səsləndi: “Hakimiyyətlər müəyyən bir geyim tərzini qadınlara zorla qəbul etdirə bilməzlər”

Gunaz.tv

GünAzTV: Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) oktyabrın 30-da bəyanat yayaraq, İranda hicab məsələsinə görə qadınlara qarşı göstərilən təzyiq və zorakılığa son qoyulmasını tələb edib.

 

Bəyanatda bildirilir ki, İran hökuməti ölkə qadın vətəndaşlarının geyimlə bağlı seçim və azadlığını məhdudlaşdıran və onları həbslə təhdid edən İslam Cəza Qanununun 638-ci maddəsini ləğv etməlidir: “Hesab edirik ki, hakimiyyətlər müəyyən bir geyim tərzini öz qadın vətəndaşlarına zorla qəbul etdirə bilməzlər. Təəssüflər olsun ki, İran islam Respublikasında ictimai yerlərdə baş örtüsünü açan qadınlar, polis zorakılığına məruz qalır, təhqir və həbs edilirlər. Bu isə qəbuledilməzdir.

 

İranın hökumət məmurları ictimai yerlərdə hicabına irad tutduqları qadınların yolunu kəsir, makiyajlarını sildirmək üçün onlara zorla dəsmal verir, onları döyür, təhqir və təhdid edir və onları vəhşicəsinə dartaraq polis maşınlarına mindirib aparırlar. Bu isə qadınlara qarşı rəhimsizcəsinə həyata keçirilən fiziki zorakılığın, işgəncə və təhqirin bariz nümunələrindən biridir. Halbuki, beynəlxalq qanunlarda qadınlara qarşı bu kimi qeyri-insani rəftarlara qadağa qoyulub”.

 

 

Qeyd edək ki, İrandakı İslam Cəza Qanununun 638-ci maddəsində deyilir ki, ictimai yerlərdə şəriət qaydalarına uyğun hicabına riayət etməyən qadınlar, saxlandıqdan sonra 10 gündən 2 aya qədər həbsə, pul cəriməsinə və 74 şallaq zərbəsinə məhkum ediləcəklər.  

 

Xatırladaq ki, cari ilin yanvar ayından bu yana, İranın müxtəlif şəhərlərində molla rejiminin məcburi hicab siyasətinə qarşı dinc etiraz bildirən 40-dan çox qadın, küçə və meydanlarda baş örtüklərini açdıqlarına görə həbs edilərək, işgəncə, təhqir və uzunmüddətləri həbsə məhkum ediliblər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar