SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatının İranda insan hüquqları ilə bağlı yaydığı hesabatda azərbaycanlı fəallara xüsusi yer verilib

2021.10.20, 07:36
Beynəlxalq Əfv Təşkilatının İranda insan hüquqları ilə bağlı yaydığı hesabatda azərbaycanlı fəallara xüsusi yer verilib

Gunaz.tv

GünAz TV: Beynəlxalıq Əfv Təşkilatı yanvarın 24-də yaydığı yeni hesabatda İranda 2018-ci ildə saxlanılan dinc etirazçıların sayını açıqlayaraq ötən ili hökumət üçün “utanc ili” kimi qiymətləndirib.

 

Hesabatda ayrı-seçkilik və insan hüquqlarının pozulmasına etiraz edən minlərlə Əhvaz ərəbləri, Azərbaycan türkləri, bəluç, kürd və türkmən etniklərinə mənsub fəalların qanunsuz olaraq saxlandığı bildirilib.

 

Həmçinin qeyd olunub ki, mədəni yığıncaqlar təşkil etdikləri üçün iyul və avqust aylarında azərbaycanlı fəallardan ən azı 120 nəfər saxlanılıb, onlardan bir neçəsi həbs və şallaq cəzasına məhkum edilib.

 

120 rəqəmi 2018-ci ilin iyul ayında keçirilən Babək qalası mərasimi və ondan sonra baş tutan Salavan dağı yığıncağında tutulan fəallarla bağlıdır.

 

Beynəlxalq Əfv Təşkilatının hesabatında azərbaycanlı fəallardan birinin adına işarə edilərək qeyd olunub ki, etnik hüquqlarının müdafiəçisi cənab Milad Əkbəri Təbrizdə saxlandıqdan sonra qanunsuz yığıncaqlara qatılaraq qeyri-adi şüar səsləndirdiyinə görə ümumi nizam-intizamı pozmaqda günahlandırılıb.

 

Hesabatda Xoy şəhəri sakini azərbaycanlı yazıçı və jurnalist Məhəmməd Hüseyn Sodagərin də adı çəkilib. O Xoy Şəhər Şurasının üzvü Məcid Müqəddəmin iddia etdiyi doktorluq diplomuna malik olmadığını ifşa etmişdir. Tanınmış yazıçı-jurnalist bu işinə görə 76 şallaq zərbəsinə məhkum edilib, artıq hökm icra olunub.

 

Hesabatda İranda 2018-ci ildə 7 mindən çox vətəndaşın etiraz aksiyalarında saxlandığı qeyd olunub. Onların əksəriyyəti öyrənci, jurnalist, fəhlə, ətraf mühit tərəfdarı, insan hüquqları müdafiəçisi və etnik azlıqlara mənsub fəallardan ibarət olub.

 

Beynəlxalq Təşkilat il ərzində yoxsulluq, korrupsiya və repressiyalara qarşı keçirilən aksiyalara işarə edərək minlərlə etirazçının saxlanması və aksiyaçıların repressiyalara məruz qalmasını qınayıb.

 

Hesabatda 2018-ci ildə ən azı 50 jurnalist və 91 öyrəncinin saxlandığı qeyd olunub. Jurnalistlərin təxminən 20-si ağır və uzunmüddətli həbs hökmləri ilə cəzalandırılıb.

 

Beynəlxalq Əfv Təşkilatı məcburi hicaba qarşı keçirilən dinc etirazlara, bu zəmində saxlanılan 112 qadın hüquqları müdafiəçisnə də toxunub.

 

Beynəlxalq Əfv Təşkilatının Şimali Afrika və Orta Şərq üzrə bölməsinin rəhbəri Filip Luther bildirib ki, 2018-ci il İran İslam Cümhuriyyəti üçün “utanc ili” kimi tarixdə qalacaq. İran rəhbərliyi həmin ildə söz və ifadə azadlığı və sərbəst toplaşma hüququna qarşı təzyiqləri artırıb, həmçinin dinc etirazçıları kütləvi şəkildə həbs edib. Hökumət bu yolla bütün müxalif səsləri susdurmağa çalışıb.

 

“2018-ci ildə İranda ən azı 63 ətraf mühit tərəfdarı və araşdırmaçı saxlanılıb. Onlardan 5-i əsasız olaraq “müfsid-i fil-ərz” ittihamı ilə üzləşib, bu ittihama görə onları edam cəzası gözləyir.

Ölkədə keçirilən etiraz aksiyalarında ən azı 26 nəfər hökumət qüvvələri tərəfindən öldürülüb, saxlanılan yüzlərlə fəal isə ağır həbs və şallaq cəzasına məhkum edilib. Dinc aksiyalarda tutulanlardan ən azı 9-ü təcridxanalarda şübhəli şəkildə həlak olub”- deyə bəyanatın daha bir hissəsində qeyd olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar