SON XƏBƏRLƏR

Bəzi Avropa İttifaqı ölkələri Rusiyaya qarşı diplomatik addıma hazırlaşır

2021.10.20, 07:36
Bəzi Avropa İttifaqı ölkələri Rusiyaya qarşı diplomatik addıma hazırlaşır

Gunaz.tv

GünAz TV: Avropa İttifaqının bir sıra üzv dövlətləri Böyük Britaniyada Rusiya kəşfiyyatının sabiq zabiti Sergey Skripalın zəhərlənməsi işi ilə əlaqədar öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarmağı düşünürlər. 

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Brüsseldə keçirilən zirvə toplantısında iştirak edən mənbə deyib. “Bəzi ölkələr öz diplomatlarını geri çağırmaq və ya Rusiya diplomatlarını çıxarmağı nəzərdən keçirir”, deyə mənbə bildirib. O, hazırda Aİ üzvlərindən yarısından azının, o cümlədən Fransa, Polşa və 3 Baltik ölkəsinin bu tədbirləri planlaşdırdıqlarını söyləyib. 

 

Qeyd edək ki, artıq Aİ liderləri təşkilatın Rusiyadakı səfiri Markus Edererin məsləhətləşmələr üçün geri çağırılması barədə qərar qəbul ediblər.

 

Xatırladaq ki, martın 4-də Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki, vaxtilə Rusiyada Britaniyaya casusluq üstündə məhkum olunmuş və daha sonra Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya arasındakı casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilmiş 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya Solsberi şəhərində zəhərlənib. Britaniya hökuməti onlara qarşı “Noviçok” tipli əsəb-iflic qazının tətbiq olunduğunu açıqlayıb. London bu məsələdə Moskvanı ittiham edərək 23 Rusiya diplomatını (əslində kəşfiyyat zabitini) ölkədən çıxarıb və bu ölkə ilə siyasi təmasları dayandırıb. Rusiya da analoji addım ataraq 23 Britaniya diplomatını “arzuolunmaz şəxs” elan edib.

 

APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar