İranın neft naziri Bijən Namdar Zəngənə yanvarın 22-də mediaya açıqlamasında ölkənin neft ixracatının artmasından danışıb.
Gunaz.tv
Zəngənənin açıqlaması, Amerikanın yeni prezidenti Co Baydenin andiçmə mərasimindən iki gün sonraya təsadüf edib.
Zəngənə deyib ki, o İranın tezliklə neft bazarına qayıdacağından əmindir: “Son günlər İranın neft ixracatının həcmi kəskin artıb. Satılan neftin pulunun isə ölkəyə qayıtması faktı sevindirici haldır.
Hesab edirəm ki, ölkəmizə qarşı tətbiq edilən sanksiyalar ləğv ediləcəyi təqdirdə biz daha güclü addımlarla dünya neft bazarına qayıdacağıq. Özü də təsəvvürünüzə gətirmədiyiniz ən qısa bir zamanda neft bazarına qayıdacaq, öz yerimizi tutacağıq.
Lakin hələlik gündəlik ixrac etdiyimiz neftin həcmi və miqdarını mediaya açıqlaya bilməyəcəyəm”, -deyə, İranın neft naziri Bijən Namdar Zəngənə bəyan edib.
Zəngənə İranın gündəlik ixrac etdiyi neftin həcmini açıqlamasa da, İran parlamentinin deputatı İlyas Nadiran bu gün jurnalistlərə açıqlamasında neft nazirinə istinadla bildirib ki, son günlər İranın gündəlik neft ixracatının həcmi artaraq 900 min barelə qədər yüksəlib.
Qeyd edək ki, son illər ABŞ-ın keçmiş prezidenti Donald Tramp hökumətinin İran neftinin satışına qadağalar qoyması nəticəsində İranın neft ixracatının həcmi kəskin azalaraq, gündəlik 200-300 min barelə düşmüşdü.
A.M