SON XƏBƏRLƏR

Bostanabadın millət vəkili: Təhsil naziri türklərdən üzr istəməlidir / Meşginşəhrin millət vəkili: Ana dilimizi məhdudlaşdıran dili kəsərik

2021.10.20, 07:36
Bostanabadın millət vəkili: Təhsil naziri türklərdən üzr istəməlidir / Meşginşəhrin millət vəkili: Ana dilimizi məhdudlaşdıran dili kəsərik

Gunaz.tv

GünAz TV: Məktəblərdə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu deyən İranın təhsil nazirinə qarşı etirazlar səngimir.

 

Bostanabadın İran parlamentindəki millət vəkili Məhəmməd Vəhdəti nazirin sözlərinə sərt reaksiya verərək onu türklərdən üzr istəməyə çağırıb.

 

“Yerli dillərin məktəb və universitetlərdə tədris olunması ölkə konstitusiyasına təmami ilə uyğundur. Ona görə də təhsil naziri Məhəmməd Bəthayinin yerli dillərin tədrisinin qadağan olmasına dair verdiyi açıqlama əsassızdır. Görünür ki, onun konstitusiyadan xəbəri yoxdur,  lakin bir nazir kimi konstitusiyanı yenidən oxumalıdır. Hesab edirəm ki, Məhəmməd Bəthayi İranın bütün türklərinndən üzr istəməlidir. O həmçinin konstitusiyanı görməzdən gəldiyi üçün ayrıca üzr istəməlidir”- deyə millət vəkili Təbrizin yerli saytlarından birinə deyib.

 

Məhəmməd Vəhdəti

 

Məhəmməd Vəhdəti digər millət vəkillərinin məsələyə münasibəti haqda bildirib ki, “Gələn həftə millət vəkilləri ilə təhsil naziri arasında görüş keçiriləcək. Görüş zamanı ona xəbərdarlıq edilərək əsassız açıqlamasının səbəbi soruşulacaq.”

 

Meşginşəhrin (Xiyav) millət vəkili Vəli Məleki isə təhsil nazirinin bu açıqlamasını nazirliyin təbii misiyasına zidd adlandıraraq onun ixtilaf və nifaq toxumu olduğunu deyib.

 

“Yol Press”in yaydığı məlumata görə, azərbaycanlı millət vəkili nazirə sərt xəbərdarlıq edərək onu həddini aşmamağa çağırıb.

 

“Mən bir millət vəkili və ana dili türkcə olan bir şəxs kimi bu dildə danışmağımla fəxr edirəm. Təhsil nazirinə də deyirəm ki, öz həddini bilsin və vəzifə səlahiyyətlərini aşmasın. Biz dilimizi məhdudlaşdıran, onu təhqir edən və ümumiyyətlə mədəniyyətimizə qarşı uzanan istənilən dili kəsərik. Təhsil nazirini parlamentə çağırıb, ona sual ünvanlamaqla tutduğu vəzifədən uzaqlaşdıra da bilərik. Onda bilər ki, ana dili məsələsi nədir!”- deyə millət vəkili bildirib.

 

Vəli Məleki

 

Vəli Məleki əlavə edib ki, “ölkənin şimal-qərb bölgəsinin bütün millət vəkilləri, eləcə də hər bir türk bu açıqlamanı özünə qarşı hücum və hörmətsizlik kimi görür. Ona görə də təhsil nazirinə ciddi xəbərdarlıq olunur və olunacaq, o öz həddini bilməlidir.”

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar