SON XƏBƏRLƏR

Brayan Huk: “İran xalqı pullarının təmsilçi müharibələrə sərf olunmasından boğaza yığılıb”

2021.10.20, 07:36
Brayan Huk: “İran xalqı pullarının təmsilçi müharibələrə sərf olunmasından boğaza yığılıb”

Gunaz.tv

GünazTV: ABŞ-ın Dövlət Departamentində yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk dekabrın 10-da Demokratiyanı Müdafiə Fondunda çıxış edərək, İran rejiminin Orta Şərq regionunun sabitliyinə qarşı təhlükəsindən və ölkədəki son etirazlarda törətdiyi qətliamından danışıb. 

 

Öz çıxışında İran rejiminə qarşı aparılan maksimum təzyiq kampaniyasının İran xalqının mənafeyinə xidmət etdiyini vurğulayan Huk deyib ki, molla rejimi rəhbərləri üçün prioritet məsələ, radikal bir ideologiya və onu yaymaq yox, öz xalqı və onun ehtiyacları olmalıdır: “İŞİD-in məğlubiyyətə uğramasından sonra hazırda Orta Şərqdə sabitliyin pozulmasının ən böyük amili və səbəbkarı İran İslam Respublikasıdır. İran xalqı pullarının təmsilçi müharibələrə sərf olunmasından artıq yorularaq boğaza yığılıb.

 

Amerikanın İran rejiminə qarşı maksimum təzyiq siyasəti davam edəcək. Hesab edirik ki, bu rejim ya normal və adi bir hakimiyyətə çevrilməli, ya da öz çöküşünün şahidi olmalıdır. Hazırda Amerika Birləşmiş Ştatlarının İranla ixtilafların həlli ilə bağlı diplomatik təklifləri masa üzərindədir. Bundan başqa, Fransa, Yaponiya, Oman və Pakistan tərəfindən də müəyyən təkliflər irəli sürülüb. Lakin təəssüflər olsun ki, İran İslam Respublikası irəli sürülən bütün bu diplomatik təklif və seçimlərə biganə yanaşıb.

 

Noyabr ayında İranda baş verən kütləvi etirazlara gəlincə, demək olar ki, bu son 40 ildə ölkədə baş verən ən qanlı etirazlar olub. Təxmin edilir ki, həmin etirazlarda 1000-dən çox insan rejim tərəfindən qətlə yetirilib, etirazlarda öldürülənlərin meyitlərinin ailələrinə təhvil verilməsi qarşılığında onlardan güllə pulu tələb edilib.

 

Maşhərdə keçirilən etirazlara və ətraf qamışlıqlara pənah aparan dinc etirazçıların kütləvi qırğınına gəlincə, şahidlərin bildirdiyinə görə, həmin qamışlıqlarda 100-dən çox etirazçı rejim qüvvələri tərəfindən qətlə yetirilib, cəsədlər isə yük maşınları ilə naməlum istiqamətə aparılıb.

 

Bizdə olan məlumatlara əsasən, etirazlarda tutulandan sonra Fəşafuyə və Qərçək zindanlarına salınan şəxslərin durumu və onların saxlanma şəraiti son dərəcə ağırdır. Amerikanın Dövlət Departamenti İranın bu iki zindanında insan hüquqlarının kobud şəkildə pozulmasını pisləmək qərarına gəlib, bunu isə ABŞ Konqresinə elan edib.

 

Hər iki zindanın kameralarında hökm sürən sıxlıq, anti-sanitariya, siçanların dolaşması, bəzi hallarda isə məhbusların cinsi təcavüzə məruz qoyulması kimi hallar son dərəcə narahatedicidir.  Amerika hökuməti İran zindanlarında saxlanılan bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir. Hesab edirik ki, artıq bütün ölkələrin İran xalqının yanında dayanmasının və bu kimi cinayətləri törədən islam respublikasını və onun rəhbərlərini təcrid edərək onlara sanksiya tətbiq etməsinin vaxtı gəlib çatıb” –deyə, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-ə yaxın insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilənlərdən 18-i azyaşlı uşaqlar və yeniyetmələrdir.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, həmçinin 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar